Səidəli Kazımbəyoğlu

   Lənkəran torpağının yetişdirdiyi böyük şəxsiyyətlərdən biri Səidəli Kazımbəyoğludur.  XIX əsrdə yaşamış bu görkəmli şəxsiyyət dövrünün tanınmış tarixçisi, etnoqrafı, şairi və müəllimi olmuşdur. Azərbaycan Sovet Ensiklopediyasının VIII cildində (B.,1984, səh.370) Səidəli Kazımbəyoğlu haqqında verilmiş məlumatda onun nə vaxt və harada anadan olması və vəfatı barədə heç bir məlumat verilməmiş, qeydin hər iki tərəfində sual işarəsi (?-?) qoyulmuşdur. Səidəli Kazımbəyoğlunun doğum və vəfatı tarixinin dəqiqləşdirilməsinidə lənkəranlı tədqiqatçı, Səidəli Kazımbəyoğlu irsinin davamçılarından biri Mirhaşım Talışlının böyük payı vardır.  Məhz Mirhaşım müəllim Lənkəran şəhərində yaşayan Səidəli Kazımbəyoğlunun nəticəsi Rafiz Ağakazım oğlu Kazımovda olan sənədlər və arxiv materialları əsasında bu böyük şəxsiyyətin doğum və vəfatı tarixini dəqiqləşdirmişdir.

    Səidəli Kazımbəyoğlu 1800-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. O, ərəb, fars, türk və rus dillərini bilmişdir. Lənkəranda XIX əsrin ortalarında yaradılmış və 1900-cu ilə qədər fəaliyyət göstərmiş “Fövcul-füsəha” (“Natiqlər məclisi”) ədəbi məclisinin ən fəal üzvlərindən biri olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru, dosent, tədqiqatçı, şair Mirhaşım Talışlı onun adının həmişə sənədlərdə məclisin sədri Mirzə İsmayıl Qasirlə yanaşı çəkildiyini qeyd edir (“Fövcul-füsəha” ədəbi məclisi 1990-cı ildə məhz Mirhaşım müəllimin rəhbərliyi ilə yenidən bərpa edilmişdir).  Səidəli Kazımbəyoğlu 1864-cü ildən ömrünün sonuna qədər Lənkəran şəhərindəki bir sinifli ibtidai məktəbdə (1856-cı ildə təşkil edilmişdir. Indiki Lənkəran şəhər 1 saylı tam orta məktəb) müəllim işləmişdir.  Səidəli Kazımbəyoğlunu məşhurlaşdıran, ona şöhrət gətirən ən başlıca amil “Cəvahirnameyi-Lənkəran” kitabıdır.  1869-cu ildə fars dilində qələmə aldığı bu kitab Talış xanlığının tarixindən bəhs edir. Müqəddimə, altı fəsil və son sözdən ibarət olan əsərdə xanlığın coğrafi mövqeyi,  mahalları, Lənkəran və talış sözlərinin etimologiyası, Talış xanlarının şəcərəsi, təbii sərvətləri, iqlimi, adət-ənənələri, görkəmli şəxsiyyətləri, dini-tarixi abidələri, qalaları haqqında məlumat verilmişdir.  Bu barədə müəllif öz əsərində yazmışdır:  “Çox təsirli və faydalı bir hədisdən “Hübbül vətən minəl iman!”, yəni “Vətəni sevmək imandandır!” kəlamını əsas götürərək, qiymətli və dəyərli hesab edərək, bu diyarın daha zahiri, gözlə görünən cəhətlərini deyil, qələmimi ələ alıb bir neçə kəlmə də bu vilayətin gözlə görünməyən cəhətləri haqda sədaqətlə, doğru-düzgün yazmağı lazımlı və özümə borc  bilirəm” (“Səidiyyə”. B.,2005, səh.5).

    Əsəri fars dilindən tərcümə edən Səfər Şirinov qeyd edir ki, “Səidəli Kazımbəyoğlu bu tarixi-etniqrafik təzkirəni ilk əvvəl “Məhəbbət xəbərləri” başlığı ilə yazmağa başlamışdır. Sonra müəllif  bu əsəri “Talışın gözəllikləri” adlandırmışdır. Maraqlıdır ki, bu əsərin adını Səidəli Kazımbəyoğlunun həmmüasirləri, həmin dövrdə Lənkəranda hakim olan şəxslər və ziyalılar müəllifin öz adıyla adlandıraraq “Səidiyyə” təzkirəsi kimi yad etmişlər. Bu ad mənim tərcümə elədiyim ilk nüsxədə də qeyd olunmuşdur. Lakin sonrakı nüsxədə kimlər tərəfindənsə “Talışın gözəllikləri” və yaxud “Səidiyyə” adı dəyişdirilərək “Cəvahirnameyi-Lənkəran” adıyala adlandırılmışdır” (“Səidiyyə”. B.,2005, səh.6).     Bu qiymətli  tədqiqat əsərinin iki nüsxəsi məlumdur. “Cəvahirnameyi-Lənkəran” adlanan birinci nüsxə AMEA Əlyazmalar İnstitutunda (inv. B-3049), digəri isə nəticəsi Rafiz Kazımovdadır. Kitabın birinci nüsxəsi Məmməd Adilovun redaktorluğu ilə Rauf Şeyxzamanlının tərcüməsində, “Səidiyyə” adlanan ikinci nüsxəsi Etibar Əhədovun redaktorluğu ilə Səfər Şirinovun tərcüməsində çap edilmişdir (M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B.,2014, səh.246).

    Professor Əli Hüseynzadənin “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” kitabında  (B.,1976) əsər haqqında 10 səhifəyə qədər məlumat verilmişdir. Orada deyilir: “Cəvahirnameyi-Lənkəran” öz həcminə görə çox kiçik olsa da mündəricəsi etibari ilə  olduqca qiymətli bir əsərdir. Əsərin müəllifi haqqında demək olar ki, məlumat yoxdur. Müqəddimədə müəllif öz adını Səidəli, atasının isə Kazımbəy olduğunu qeyd edir. Rus dilində olan sənədlərdə bu şəxsin adı “Mirze Seid ali bek Kazımbekov” kimi göstərilir”(B.Hüseynbalaoğlu, M.Talışlı. “Lənkəran”. B.,1990, səh.89).

     Səidəli Kazımbəyoğlu 1872-ci ildə vəfat edərək Lənkəran şəhərində dəfn edilmişdir.  “Cəvahirnameyi-Lənkəran” (“Səidiyyə”) əsəri müəllifin Azərbaycan tarixşünaslığına ən böyük töhfəsidir. Talış xanlığının, respublikamızın cənub-şərq bölgəsinin tarixinin öyrənilməsində, tədqiqi yolunda  çox dəyərli mənbədir. 2005-ci ildə, 10-cu siniflər üçün çap edilmiş Azərbaycan tarixi dərsliyində, XIX əsrin ikinci yarısına dair “Elm” mövzusunun “Tarixşünaslıq” adlanan yarımbaşlığında Mirzə Əhməd Mirzə Xudaverdi oğlu (“Əxbarnamə”) və Səidəli Kazımbəyoğlunun (“Cəvahirnameyi-Lənkəran”) da adları qeyd olunmuşdur.  S.Kazımbəyoğlunun adı əbədiləşdirilərək Lənkəran şəhər 6 saylı  tam orta məktəb-lisey onun şərəfinə adlandırılmışdır.

                   İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi