Həzi Aslanov- cəsur döyüşçü, görkəmli sərkərdə

Azərbaycan hərb tarixinə Həzi Aslanov cəsur döyüşçü, görkəmli sərkərdə, iki dəfə Sovet ittifaqı Qəhrəmanı adına layiq görülmüş ilk və yeganə azərbaycanlı, tank qoşunlarının tətbiqinin yeni üsul və metodlarının yaratmış şəxs kimi daxil olmuşdur.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb. Aslanovun komandirlik etdiyi hərbi hissələr daim öz döyüş hazırlığının səviyyəsi ilə seçilirdi. 1941-ci ildə faşist Almaniyasının qoşunları SSRİ-yə hücum edəndə ilk zərbə qərb hərbi dairələrinə vuruldu. SSRİ-nin siyasi və hərbi rəhbərlərinin səhvləri ucbatından Sovet hərbi hissələri ağır vəziyyətə düşdü. Bir çox yerlərdə almanlar tərəfindən mühasirəyə alındı. Hərbi aviasiya və tank hissələri sarıdan korluq çəkən sovet qoşunları ağır itkilərlə geri çəkilməli oldu.H.Aslanov müharibənin ilk günlərindən başlayaraq döyüşlərdə iştirak etmiş, dəfələrlə fərqlənmiş, medallarla təltif edilmişdir.1941-ci ilin yayında müharibəni kapitan rütbəsində qarşılayan Aslanova artıq 1941-ci ilin sonuna podpolkovnik rütbəsi verilmişdir. Moskva ətrafında aparılan döyüşlərdə Aslanov ilk ordeninə layiq görülmüşdür. Belə ki, onun komandanlıq etdiyi tank taboru almanların mühasirəsinə düşmüş iri sovet hərbi birləşməsini mühasirədən çıxarmışdır. Mühasirəni yararkən Aslanovun taboru düşmənə sarsıdıcı zərbələr vurmuşdur. O həmçinin partladılmaq üçün hazırlanmış 50 avtomaşın mərmi və sursatı mühasirədən çixarmağa nail olmuşdur. Bu igidliyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edildi. 1942-ci ilin ağır döyüşlərində yüksək hərbi qabiliyyəti ilə fərqlənən H. Aslanov 55-ci tank alayının komandiri təyin edilir. Rostov və Taqanroqda göstərdiyi şücaətlərə görə yeni orden və medallarla təltif edilir. Aslanovun sərkərdəlik məharətini görən ali baş komandanlıq onu öz hissəsi ilə müharibənin ən ağır nöqtəsinə -Stalinqrad şəhərinə göndərir. Stalinqrad şəhəri alınardısa, almanlar Volqa çayının nəzarətdə saxlar və SSRİ-nin Asiya hissəsinə keçə bilərdi.Bu səbəbdən də Stalinqrad mühüm strateji əhəmiyyətə malik idi. Odur ki, müharibənin ən ağır döyüşləri bu şəhəərin payına düşür. 1942-ci ilin payızında burada müdafiə olunan Sovet hərbi hissələri noyabr ayında əks-hücuma keçdilər. Əks-hücum nəticəsində başda feldmarşal Paulyus olmaqla düşmənin 330 minlik qoşunu da mühasirəyə alınır. Onları mühasirədən çıxarmaq üçün Hitler oraya feldmarşal Manşteynin başçılığı ilə böyük tank qüvvələri göndərir. Bu tank qüvvələrinin qarşısında təkcə Aslanovun tank alayı dayanırdı. Əgər o geri çəkilsəydi Paulyusun qoşunları -mühasirədən çıxmaq imkanı qazanardılar. Qüvvələr nisbətinin qeyri-bərarər olmasına baxmayaraq, Aslanov döyüşü qəbul edir və Sovet qoşunlarının əsas hissələri köməyə gələnə kimi mövqelərindən çəkilmir. Bu igidliyinə görə o, SSRİ-nin ən ali mükafatı-Sovet İttifaqi Qəhrəmanı adına layiq görülür. Onun alayı-Qvardiya tank alayı adlandırılaraq sovet qoşunlarının say-seçmə hissələri sıralarına daxil edilir. Stalinqrad vuruşmasından sonra xeyli irəliləyən sovet qoşunları Kursk şəhəri yaxınlığında almanlar tərəfindən dayandırılır. 1943-cü ilin yayında Kursk şəhəri uğrunda ağır döyüşlər başlanır. Almanlar təşəbbüsü ələ almağa, Sovet qoşunları isə düşmən müqavimətini qırıb irəliləməyə çalışırlar. Ən dəhşətli toqquşma Kursk yaxınlığında yerləşən Proxorovka kəndi yanında baş verir. Burada hər iki tərəfdən 1200 tank üz-üzə gəlir. Uzaq və yaxın məsafələrdən bir-birilərinə atəş açan tankçılar mərmiləri qurtardıqda tanklarını düşmən tankına çırpırmışlar. Kursk döyüşlərində sonralar “Həzi Aslanov fəndi” adını almış fəndini tətbiq etməyə başlayır. Belə ki, o, tankların tamamilə yeni düzülüş və döyüş formasını təşkil edir və bu üsulun tətbiqi düşmən üzərində qələbə qazandırır. İndiyədək də hərbi məktəblər və akademiyalarda “Aslanov fəndi” adlanan həmin üsulu gələcək zabitlərə öyrədirlər. Mahir sərkərdəlik qabiliyyətinə görə Aslanov Moskvaya göndərilir və orada Zirehli Tank Qoşunları Akademiyasını uğurla bitirir. Beləliklə, artıq polkovnik Aslanova iri tank birləşmələrinə komandanliq etmək hüququ verilir. 1944-cü il döyüşlərində polkovnik Həzi Aslanov 35-ci qvardiya tank birqadasının komandiri vəzifəsində Belorusiya şəhərlərini işğaldan azad edir. O döyüşlərdə Həzinin briqadası düşmənə sarsıdıcı zərbələr vurur, böyük sayda hərbi texnika və ləvazimat qənimət götürür. Buna görə də ona tank qoşunları qvardiya general-mayoru rütbəsi verilir. Həm sovet sərkərdələri, həm də almanlar o zaman onu “cinah zərbələrinin ustası” adlandırmışlar. 1944-cü ilin iyunun 23-30-da məhz Aslanovun briqadası ilk olaraq Berezina çayını keçmiş və Pleşen şəhərini, eləcə də 508 digər yaşayış məntəqəsini düşməndən azad etmişdir. Bu döyüşlərdə fərqlənən Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuş və sənədləri rəhbərliyə göndərilmişdir. Belorusiya düşməndən tam azad edildikdən sonra Aslanov biriqadası ilə birlikdə Pribaltikaya göndərilir. Onun briqadası İ.X. Baqramyanın tabeliyinə verilir. Əslən Azərbaycandan olan nankor erməni generalı azərbaycanlılara həmişə xor baxmış, bacarıqlı azərbaycanlılara qısqanclıq və paxıllıqla yanaşmışdır.Bu zaman döyüşlər Litva, Latviya və Estoniya ərazilərində gedirdi. Bu döyüşlərdə Aslanovun briqadası xüsusilə fərqlənmişdi.

1944-cü il yanvarın 24-də Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi.

Rəsmi məlumatlara görə, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olub.

Bəzi iddialara görə, 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRI hərbi rəhbərliyində təmsil olunan erməni generalı I.Baqramyan buna maneçilik törədib.Generalın ölümündə də bu Baqramyanın adı çəkilir. Tədqiqatçı jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” kitabında Həzi Aslanovun vəfatı ilə bağlı qələmə aldığı qeydlər diqqət çəkir:

“...Uzun müddət Həzi Aslanovun ölümünə dair müəmmalı fikirlər, söhbətlər gedib. Mən bu məsələylə məşğul olub əsl həqiqəti axtarmağa başladım.Əvvəllər də H.Aslanovun silahdaşları ilə dəfələrlə bu barədə danışmışdım.Onlar da müxtəlif fikirlər söyləyir, faktlar, sübutlar gətirirdilər. Danışılanlardan belə nəticəyə gəlmək olardı ki, onun ölümünü döyüş yoldaşlarından heç kim görməyib və görübsə belə, düzünü deməkdən çəkinir.

“Generalın yolu” adlı kitabımın məsləhətçisi, SSRI Müdafiə Nazirliyi Baş Qərərgahı akademiyasının professoru Kurenkovun dediyinə görə, o, bir neçə zabitlə hücuma keçmək üçün əlverilşi mövqe axtardığı zaman uzaqdan atılan top atəşindən həlak olub. Belə idisə, onda nə üçün tək o həlak olub?Axı Həzinin əhatəsində 10-15 zabit olub.Mənim bu sualıma o “belə deyirlər” cavabı verirdi".

 “Nəhayət, uzun tədqiqat işlərindən sonra çox qiymətli fakt əldə etdim.1945-ci ilin əvvəlində I.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitənin bürosunda Mircəfər Bağırov nazirin kim olmasını müzakirəyə qoyur. Çox götür-qoydan sonra Bağırov özü H.Aslanovun namizədliyini verir. Büro üzvü T.Quliyevin ”axı o cəbhədədir, onu buraxarlar" sualına M. Bağırov cavab verir ki, “siz məsələni mənə həvalə edin”. O, birbaşa Stalinə zəng edir. Stalin razılığını bildirir və H.Aslanovun müdafiə naziri olmasına etiraz etmir".

 “...1944-cü ilin 15 iyununda Aslanovun komandanlıq etdiyi 35-ci tank briqadası daxil olduğu korpusla birlikdə 3-cü Belorusiya cəbhəsinin sərəncamından 1-ci Pribaltika cəbhəsinin sərancamına verilmişdi. Burda isə komandan erməni I.X.Baqramyan idi.Artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də I.Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: ”Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm!". Sonra da əlavə edir: “Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edərdin.Mənim apardığım tədqiqatlara və Aslanovun silahdaşlarının dediklərinə görə o günlər, o regionda heç bir hücum məsələsi, planı olmayıb. Sonralar bu məsələ ilə bağlı bir çox arxivlərdə və eləcə də Podolskidəki hərbi arxivdə bu hücum planı ilə bağlı  bir dənə də olsun gündəlik tapmadım, əbəttə, heç bu gündəliklər olmayıb da. O günlər korpusa başqa hərbi hissələrə birlikdə Kurlyandiya qruplaşması adlandırılan böyük bir alman qarnizonunu sıxışdırıb, mühasirədə saxlayaraq öz əsas qüvvələri il birləşməyə imkan verməmək vəzifəsi tapşırılmışdı. Hətta H.Aslanovun ölümündən xeyli vaxt sonra da orda heç bir hücum, vuruşma olmayıb. Məlum olur ki, ”hücum planı" yalnız I.Baqramyanın düşməncəsinə uydurduğu bir hiylə imiş.

 “Korpusun bütün veteranları bilirdilər ki, məni H.Aslanovun müəmmalı ölümü marqalandırır. Axırda Aslanovun silahdaşlarından iki nəfər ”polkovnik Klimenko və mayor Beqiaşvili əhvalatı olduğu kimi mənə danışdılar. Klimenko o zaman tabor komandiri, Beqiaşvili isə briqadanın baş həkimi olmuşlar.Beqiaşvili həm də Həzinin yaxın dostu olub.

Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir.Aradan 10-15 dəqiqə keçmiş H.Aslanov olan maşın 6 lüləli minaatandan atəşə tutulur.H.Aslanov ağır yaralanır. Məsələ burasındandır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur".

 “...Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdəm. O dedi: ”H.Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım.Vəziyyəti ağır idi.Ona təcili surətdə təzə qan köçürmək lazım idi.Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi.Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi.Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi.Həzi Aslanov ölməməli idi.Yaralanandan sonra o, düz 23 saat sağ qaldı.Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı".Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib".

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

Qəhrəman həmyerlimizin xatirəsi daim əziz tutulur. Doğulduğu Lənkəran şəhərində onun əzəmətli abidəsi ucaldılıb, ev-muzeyi fəaliyyət göstərir. Qədirbilən Azərbaycan xalqı öz cəsur oğlunu heç vaxt unutmayacaqdır!

  Hazırladı: Sərraf Talıbov