Sovet İttifaqı Qəhrəmanı, akademik Kərim Kərimovun anım günüdür

Sovet İttifaqı Qəhrəmanı, akademik, AMEA-nın fəxri üzvü, kosmonavtikanın inkişafında əvəzsiz xidmətləri olmuş azərbaycanlı general Kərim Kərimovun anım günüdür.

SalamNews-un məlumatına görə, Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olub. Hələ orta məktəbdə oxuyarkən radio texnikasına maraq göstərib. 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilib. Biliyi yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olunub. O, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırıb. "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanıb. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışıb. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub. Bu nailiyyətinə görə 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülüb.

"Baykonur" kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin olunub və bu məsul vəzifədə 25 il çalışıb. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov olub. Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaradıb.

İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunub. Kərim Kərimov 2 dəfə dövlət mükafatı alıb. O həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib. General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat edib və orada da dəfn olunub.

Tanınmış rejissor, xalq artisti Vasif Babayevin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi Kərim Kərimova həsr edilmiş “Yüksəliş” tammetrajlı sənədli filminin keçən ilin may ayında Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

  "Yaşıl çay"