Masallıda tapılan fiqurlu daşlar maraq doğurur

Cənub bölgəsində qədim yaşayış məskənlərinə, tarixi abidələrə tez-tez rast gəlinir. Masallının Xanalion kəndi də tarixi ərazilərdən biridir. Burada tapılan müxtəlif fiqurlu daşlar böyük maraq kəsb edir. “Yaşıl çay” Cənub TV-yə istinadən xəbər verir ki, Xanalion kənd sakinləri kənd qəbristanlığının ərazisindən, həmçinin həyətlyanı sahələrdə qazıntı işi apararkən tapdıqları müxtəlif fiqurlu və əmək alətlərini xatırladan daşlardan çoxunu bir araya toplayıblar. Sakinlər ilk baxışdan əl əməyinin məhsulu olduğu görünən bu daşların zəngin tarixi keçmişimizin bir parçası olduğuna inanırlar.

 Xanalion kənd sakini Maqsud Şirəliyev belə deyir: “Öz həyətimdə bir hovuz qazmaq istəyirdim. Təxminən 2 metr qazandan sonra orada müxtəlif növ daşlar gördüm. Təbiət belə bir daşı öz-özünə yarada bilməz. Oyma nişanəsidir.”

 Əkrəm Cabbarov: “İnsana oxşar daşlar var, taxıl döymək üçün daşlar var, ayaq izi olan daşlar var. Həqiqətən də görürsən ki, buna insan əli dəyib.” 

Kənd sakinləri bildirir ki, xanın yaşadığı yer anlamını verən Xanalion kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskunlaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. Elə aşkarlanan daşlar da bundan xəbər verir. Hələ ki, bu daşlarla maraqlanan və ya onların yaşını araşdırmağa təşəbbüs göstərən olmayıb.

Tarixçi Xudaverdi Əliyev: “Çoxlu daşlar və əmək alətlərinə rast gəlinib. İnsanlar bilməyiblər bu nədir. Həqiqətən, bu daşların araşdırılmasına həm kəndin ehtiyacı var, həm də tarixçilərin.”

Lakin deyəsən bu daşların həqiqi tarixi yaşının dəqiqləşdirilməsinə az qalıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Cənub bölgəsi rayonlarında tədqiqat işlərini mərhələli şəkildə davam etdirir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun böyük elmi işçisi Anar Ağalarzadə bildirib ki,

hazırda cənub bölgəsində — Lerik rayonunda, Cəlilabad rayonunda, Masallı və Yardımlı rayonları ərazisində arxeoloji tədqiqat işlərinə başlanılmışdır.”

Yəqin ki, araşdırmalardan sonra tapılan bu daşların, həmçinin kəndin tarixi məlum olacaq.

 "Yaşıl çay"