İSTİOT NANƏSİ (MENTHA PIPERITAZ)

Elnur Məmmədzadə, Mübariz Heydərov

(MAKA-nın Xüsusi Konstruktor Texnoloji Bürosu)

Nanə (Mentha) bitkisinin dünyada yayılması haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər nanənin 300, digərləri 100, başqa bir qrup alimlər isə 25 növünün olduğunu iddia edirlər. Alimlərin bir qrupu nanənin (Mentha) Rusiya, Ukrayna və Qafqaz ərazisində 25-ə yaxın növü, 10 yarımnövünün yayıldığını qeyd edirlər. Bütün növlər çox aromatikdir və əksəriyyətinin də tərkibində mentol vardır.

Qədim Yunanıstan və Roma ərazisində nanə növlərindən çox geniş istifadə olunub. Onlar belə hesab edirdilər ki, bu bitki zehni fəaliyyəti yaxşılaşdırır, gümrahlıq hissi yaradır. Bu bitkiyə o dövrdə Afrodita otu da deyilib. Yunan filosofu və botaniki Teofrast bizim eradan əvvəl 372-287-ci illərdə nanə haqqında geniş məlumat vermişdir. O, müəyyən etmişdir ki, nanə baş ağrılarını aradan qaldırır və insanı isti və soyuqun təsirlərindən qoruyur. Teofrast aromatik nanə vannalarının limfa zədələnmələrində istifadə edilməsini məsləhət görmüşdür.Orta əsrlər dövrünün ən böyük təbiblərindən biriİbn Sina (980-1037) nanə yarpaqlarından daxili qanaxmalarda, mədə-bağırsaq və baş ağrıları xəstəliklərində istifadə etmişdir.

   

Şəkil1. İstiot nanəsi(Mentha Piperita L.)

Əksər alimlər nanə növlərinin tərkibində antiseptik təsir göstərən mentolun olmasına diqqət yönəltmişlər.

Müşahidələr göstərir ki, qara və ağ nanə adlanan nanə növləri Azərbaycanın cənub bölgəsində becərilir və daha çox istifadə olunur. Bundan başqa nanə bitkisi Azərbaycanındigər bölgələrində, Şəki-Zaqatala rayonlarında, Abşeron yarımadasında da qiymətli bitki kimi becərilir.Şimal qonşularımız ağ nanədən qida və parfumeriya sənayesində, qara nanədən isə mentol alınmasında daha çox istifadə edirlər.

Nanənin (Mentha) Azərbaycanda 4 növü olduğu haqqında məlumat verilir. Bir növü isə mədəni bitki kimi becərilir. İstiot nanəsi dodaqçiçəklilər – Zamiaceal (Zabiatae) fəsiləsindən olub, dünyanın əksər ölkələrində yetişdirilir. Elmi təbabətdə əsasən istiot və ya əkilən nanədən istifadə olunur. Bu bitki mədəni bitki kimi becərilir. Təbiətdə yabanı halda rast gəlinmir. [3]. Belə hesab olunur ki, istiotlu nanə ingilislər tərəfindən orta əsrlərin axırlarında yabanı şəkildə bitən yarpız (su nanəsi) və yaşıl yabanı nanənin hibridləşməsindən alınmışdır. Bu bitki qiymətli kimyəvi tərkibinə və xoşətirli iyinə görə Avropa ölkələrində və Şimali Qafqazda dərman bitkisi kimi geniş sahələrdə istifadə olunur.[4]

İstiot nanəsi (düzduran budaqlı boyu 60-80 sm olan) çoxillik ot bitkisidir. Gövdəsi dördbucaqlıdır. Horizontal səpilmiş zoğları vardır. Qırmızı-bənövşəyi çiçək qrupu sünbülvaridir. Nadir hallarda meyvə və toxum əmələ gətirir. İstiot nanəsi iyun ayından sentyabr ayına kimi çiçəkləyir. İstiot nanəsinin əsasən yarpaqlarından istifadə olunur. Bu yarpaqlar, efir yağının miqdarı çox olduğu üçün bitkinin çiçəkləyən dövründə əl ilə toplanır. İstifadə üçün quru və qaranlıq, yaxşı havalanan taxta çərçivədə qurudulur. Çoxaltmaq üçün nanənin vegetativ orqanlarından istifadə olunur. Əgər çoxaltmaq məqsədilə bitkinin toxum və meyvəsindən istifadə edilərsə, tərkibindəki efir yağları və xoş ətri azalmış olur. [1]

Cədvəl 1.    İstiot nanəsinin 100 qramında olan maddələr

 

 

Maddələr

 

Kütləsi

 

1

Yağ

0.9q

2

Karbohidrat

15 q

3

Zülal

3.8 q

4

Natrium

31 mq

5

Kalium

569 mq

6

Kalsium

243 mq

7

Dəmir

5.1 mq

8

Maqnezium

80 mq

9

A vitamini

4.248 mq

10

C vitamini

31.8 mq

11

B6 vitamini

0.1 mq

Azərbaycanda yetişdirilən istiot nanəsinin yarpaqlarında 0,5-dən 2,5%-ə qədər efir yağları vardır. Bu efir yağlarının çox hissəsini şərbət və ya valerian, sirkə turşusu və mürəkkəb efirlər şəklində olan mentol spirti təşkil edir. İstiot nanəsinin efir yağlarında mentol (9-25%), ninen, limonen, nuleqon, fellandren, dipenten, sineol, kimyəvi tərkibinə görə bu maddələrə yaxın olan maddələr və onların törəmələri vardır. Yarpaqlarda hesperidin, ursol, oleanol turşuları, karotin, aşı maddələri, mikroelementlər və s. vardır.[3]

 İstiot nanəsinin yarpaqlarında bir çox bioloji fəal maddələr kompleks birləşmələr şəklində olduğu üçün bu bitki xalq təbabətində və elmi təbabətdə geniş istifadə olunur.

   Ürək-damar sistemi xəstəliklərində xroniki mədə-bağırsaq sistemi xəstəliklərində, böyrək və sidik yolu iltihabında çox gözəl müalicəvi təsir göstərir. İstiot nanəsinin yarpaqlarından qan damarının genişləndirici, sakitləşdirici, spazmolitik, ödqovucu, antiseptik və ağrıkəsici xassələrə malik preparatlar hazırlanır. Nanə yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, troxeit, zökəm və s.) mentoldan və nanənin digər preparatlarından istifadə olunur. [1]

İstiotlu nanənin yağı validol, valokardin və zelenin damcısı kimi vacib ürək xəstəliklərində çox işlənən dərmanların hazırlanmasında istifadə olunur. Nanə yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. İstiot nanəsinin yarpaqlarından hazırlanan “nanə cövhəri” mədə-bağırsaq xəstəliklərinin qiymətli dərmanı hesab olunur. [4]

Nanə yağı bir çox dərmanlarda iyi və dadı dəyişdirici kimi istifadə olunur. Nanə yağı və mentol diş, maye pastaparaşoklarının tərkibinə aromatikləşdirici, həmçinin  dezinfeksiyaedici maddə kimi qatılır.

 Hazırlanan mentol karandaşından baş ağrısında, mentolun 2%-li spirtli və ya 10%-li yağda həll edilmiş məhlulundan miqrendə, nevrologiyada istifadə olunur. Nanə yarpağı və yağı fitonsid və antiseptik xassəyə malikdir. Bu xassəsinə görə çoxlu sayda dərmanların (validol, evkatol, pektusin, menovazin, evkamon, olimetin və s.) tərkibinə daxil edilir.

Bundan əlavə istiot nanəsi xörəklərdə istifadə olunduqda böyrək və sidik yollarını dezinfeksiya edir, ürəkbulanmanı dəf edir və ürək-damar sisteminin fəaliyyətini artırır.Nanə növlərini adi çay kimi də dəmləyib içmək xeyirli hesab olunur.

Xalq təbabətində istiot nanəsindən hazırlanan yüzlərlə müalicəvi məhlullar haqqında məlumat verilir. Təzə halda istifadə olunduqda daha effektli təsir göstərir. Düzgün saxlanıldıqda (təbii mənşəli parça içərisində, quru yerdə) uzun müddət öz kimyəvi tərkibini saxlayır. İstiotlu nanənin kəskin kimyəvi tərkibini nəzərə alaraq ondan hazırlanan içkilər zövqdən asılı olaraq qənd və ya balla daxilə qəbul olunur. Bu içkilər əsəb gərginliyi, yuxusuzluq, baş, qarın ağrıları zamanı məsləhət görülür və sakitləşdirici təsirə malikdir. [2]

1. İstiotlu Nanə cövhəri (şirəsi): Bir çay qaşığı istiotlu nanə üzərinə 200 ml (1 stəkan) qaynadılıb otaq temperaturunda soyudulmuş su əlavə edilir. Məhlul 20 dəqiqə saxlanılır və süzülərək istifadə edilir.

 2.İstiotlu Nanə həlimi: Bir çay qaşığı xırdalanmış yarpaqların üzərinə 200 ml qaynadılmış və soyudulmuş su əlavə etməklə bu məhlul 15 dəqiqə zəif odda qızdırılır. İstiotlu Nanə həlimindən yarım stəkan sutkada 2-3 dəfə yeməkdən qabaq qəbul olunur.

 3.Sərinləşdirici çay: 250 ml suya 1 çay qaşığı qurudulub xırdalanmış istiotlu nanə tökərək 15-20 dəqiqə saxlanılıb istifadə olunur.

Lakin yadda saxlamaq lazımdır ki, istiotlu nanə qüvvətli kimyəvi tərkibə malik olduğu üçün məsləhət görülən normadan çox istifadə edildikdə arzu olunmaz hallara gətirib çıxara bilər. Çox qəbul olunması yuxunun pozulması, ürək ağrısı, alergiyaların yaranmasına səbəb ola bilər. Qadınlara nisbətən kişilərin az istifadə etməsi tövsiyyə olunur. Nanə yağı hamilə qadınlara və az yaşlı uşaqlara məsləhət görülmür. Təzə halda yarpaqları dərilib istifadə olunduqda tərkibindəki kimyəvi maddələr daha effektli təsir göstərir.

Ədəbiyyat siyahısı

1.        Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri,İ.A.Dəmirov, N.A.İslamova, Y.B.Kərimov, R.M.Mahmudov., Bakı 1988, 176 səh.

2. Azərbaycan meyvə tərəvəz bitkilərinin müalicəvi əhəmiyyəti, İ.A.Dəmirov, S.Z.Şükürov. Maarif 1990, 190 səh.

3. “Lekarstvennie rasteniya Azerbaydjana”., İ.A.Dəmirov, L.İ.Prilipko, C.Z.Şükürov, Y.B.Kərimov, 320 səh.

4.   Azərbaycanın dərman bitkiləri, İ.A.Dəmirov, C.Z.Şükürov, 124 səh.

E.A.Məmmədzadə, M.İ.Heydərov

İstiot nanəsi

Xülasə

İstiot nanəsi (Mentha Piperitaz) öz kimyəvi tərkibinin zənginliyi ilə seçilən müalicəvi əhəmiyyətli bitki hesab olunur. Lənkəran bölgəsinin iqlim şəraiti bu bitkinin də becərilib dərman bitkisi kimi istifadəsinə imkan verir.

E.A.Mammadzada, M.İ.Heydarov

Mentha piperitaz

Abstract

Peppermint is considered as a therapeutic plant for its fertility of chemical structure. Natural climatic condition of Lankaran region enables to use this plant for medical purposes.

Е.А.Мамедзаде, М.И.Гейдаров

Мятный переч

Резюме

Мятный переч выделяется своим богатством химического составя, является важнейшим легебным растением. Климат Ленкоранского региона дает возможность выращивать это растение и использовать как лекарственное растение.

  "Yaşıl çay"