Hirkan Milli Parkının Lənkəran bölgəsində ekoturizmin inkişaf etdirilməsində rolu və əhəmiyyəti

Amid Bağırlı, Mobil Pencəliyev (MAKA-nın Xüsusi Konstruktor Texnoloji Bürosu)

Regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun davamlı inkişafı dövlətin əsas inkişaf istiqamətləri hesab edilir. Bu baxımdan regionlarda turizmin inkişafı bütövlükdə ölkənin iqtisadi və mədəni inkişafına əsaslı təsir göstərmək imkanına malikdir. Artıq bir neçə ildir ki, Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və sair sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan coğrafi mövqeyi turizm üçün əlverişli olan, özünəməxsus iqlimi, fauna və florası ilə yerli və xarici turistlərin diqqətini cəlb edən regionlardan olan Lənkəran bölgəsinin də yeni turizm marşrutlarının müəyyənləşdirilməsi və daha çox turist axını məqsədilə regionun təbii potensialından daha səmərəli istifadə olunması və bitki-torpaq ehtiyatlarının qorunmasını daha da aktual edir. Bu baxımdan Hirkan Milli Parkının və onun ehtiyatlarının qorunması, saxlanması əvəzsiz əhəmiyyətə və rola malikdir.

Respublikanın cənub bölgəsi şimal-cənub nəqliyyat dəhlizi üzərində, İranla sərhədədək, Xəzər dənizi boyunca uzanan bir bölgədir. Burada hələ Sovet dövründən Lənkəran və Astara rayonlarında istirahət və sağlamlıq turizmi inkişaf etmişdir. Regionda turizmin sürətlə inkişaf etməsi, turizm sənayesinin geniş infrastruktur şəbəkəsi, insanların istirahəti üçün böyük imkanlar yaratmaqla yanaşı, bir sıra problemlər də doğurmuşdur. Bu problemlərdən biri də ekologiya və ətraf mühitin mühafizəsi məsələsidir.

Ölkədə bioloji müxtəlifliyin qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına dövlət tərəfindən diqqət və qayğısının parlaq nümunəsi olan Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə 21435 hektar ərazidə yaradılmışdır. Sonradan parkın ərazisi 18923 ha genişləndirilərək 40358 ha çatdırılmışdır. Milli Milli Parkının yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

       Milli parkın ərazisi dəniz səviyyəsindən 1000 m yüksəklikdən başlayaraq dəniz səviyyəsindən 20 m aşağıya qədər sahələrdə yağıntının illik miqdarı 900 – 1400 mm ətrafında dəyişir. Yağıntının ən çox miqdarı payız aylarına (712 mm, 51%), minimal miqdarı isə yay aylarına (166 mm, 11.8%) təsadüf edir. Buxarlanma (750-850 mm) yağıntı miqdarına nisbətən 1.2-1.6 dəfə az olur[1]. İl ərzində yağıntılı günlərin sayı 90-ı aşır. Hirkan milli parkının qərb hissəsində yerləşən Talış dağları və Lənkəran ovalığının Xəzər dənizinə yaxınlığı burada iqlim müxtəlifliyini təmin edir. Ərazi təxminən 500 m hündürlüyə qədər nəm subtropik iqlim ilə səciyyələnir və 500 m-dən yuxarı ərazilərdə subtropik iqlimin əlamətləri tədricən silinir və yuxarı qalxdıqca yağıntı 400-600 mm-dək azalır və quru yay ilə mülayim-isti iqlim hökm sürür. Milli parkın yerləşdiyi ərazilərin əsas aqroiqlim göstəriciləri aşağıdakı Cədvəl 1-də verilmişdir

Cədvəl 1. Əsas aqroiqlim    göstəriciləri

 

hududlar

Yer səthinin meylliyi, (0)

 

         10 – 200

Dərinlik və hündürlük şkalası, m

 

0 – 2493

İl ərzində ümumi günəş radiasiyası, kkal/sm2

 

128 – 140

İl ərzində ümumi fotosintetik fəal radiasiya, kkal/sm2

 

68 – 76

İl ərzində atmosfer yağıntısının miqdarı, mm

 

200-1600

  Milli parkın ərazisinin  96,8%-ni dağlar, dərələr, dərə yarıqları təşkil edir. Dəniz kənarından, yəni litoral mühitlərdən başlayaraq üfüqi zonallıqla – yüksək dağlarla qovuşan bu ərazinin flora zənginliyi, bitk örtüyünün rəngarəngliyi, onun fiziki-coğrafi və təbii tarixi şəraitinin qədimliyi və müxtəlif olmasıdır. Ərazi respublikanın başqa qonşu regionlarının bitki örtüyünə bənzəmir. Burada üçüncü dövrlərdən sonra buzlaşma erası yan keçdiyindən təbiət bu ərazidə milyon illərin yadigarlarını – relikt dendroloji biomüxtəlifliyi qoruyub saxlaya bilmişdir. Regionun üçüncü dövr relikt dendroflorasını əsasını Cədvəl 2-də göstərlmiş  növlər təşkil edir:

Cədvəl 2.   Regionun üçüncü dövr relikt dendroflorasını əsasını təşkil edən növlər

hirkan şümşadı

qanadmeyvəli yalanqoz ;

budaqlı danaya

lənkəran akasiyası

dəmir ağacı

məxməri ağcaqayın

lənkəran akasiyası

şabalıdyarpaq palıd

hirkan armudu

vələsyarpaq azatağacı

hirkan azat ağacı

ürəkvariyarpaq qızılağac

hirkan ağcaqayını

qrossheym armudu

hirkan bigəvəri

qafqaz xurması

Bu ərazi əsasən dəniz ətrafı regionlardan başlayaraq aşağı dağ qurşağı (Burovar dağ silsiləsi), orta dağ qurşağı (Peştasar dağ silsiləsi) və nəhayət yüksək dağ qurşağından (Talış dağ silsiləsi) ibarətdir. Aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və başqaları ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.

Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir.

Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə «Qırmızı Kitabı»a düşmüş növlərdən Tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır.

        Hirkan Milli Parkının regionun ekoturizm inkişafında rolu. Regionda yerləşən Hirkan milli parkının turizm əhəmiyyətlinin əsas səbəblərindən biri burada 3 ci dövrün relikt və endemik bitkilərin və Qırmızı kitaba daxil edilmiş tipik flora və fauna növlərinin olmasıdır. Gözəl təbiət, cəlbedici landşaft, təmiz hava, göl və çaylar, çimərliklər, meşə sahələri - bütün bunlar ekoturizmin inkişafı üçün başlıca amilərdəndir.

Lakin hirkan Milli parkı ətrafında yaşayış ərazilərinin genişlənməsi, bu təbii sərvətin istismar olunması və ətraf mühitin çirklənməsi təhlükəsi məsələlərini də artırır [2]. Odur ki, ətraf mühitə və xüsusilə Hirkan Milli parkına  olan zərərli təsirlərin aradan qaldırılması müasir turizm sektorunun qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu baxımdan ekoloji turizmin (ekoturizm) inkişaf və təşviq etdirilməsi, mövcud təbii tesurslardan səmərəli istifadə mühüm önəm kəsb edir.

       Ekoturizm - insanların dincəlmək, istirahət etməklə yanaşı, ətraf mühit qarşısında məsuliyyətini dərk etməsini, təbiətin gözəlliklərindən zövq almaqla bərabər, onu qorumaq mədəniyyətini də özündə ehtiva edən turizm növüdür. Regionda ekoloji turizmi və onun növlərini  inkişaf etdirmək daha məqsədəuygundur. Ekoloji turizmin növü olan elmi turizm alimlərin ekspedisiyalarını, tələbələrin yay sahə praktikalarını və digər səyahətləri əhatə edərək səyahət ərazisindən elmi məlumatların yığılmasından ibarət olur. Hirkan Milli Parkı elmi turizmin inkişafı üçün də əsas məqsədyönlü ərazilərindən biridir. Elmi turizm ümumi ekoturizm axınının kiçik bir hissəsini əhatə etdiyinə baxmayaraq yüksək əhəmiyyətə malikdir. Alınmış məlumatlar təkcə elmin inkişafında deyil, həmçinin regionda ekoturizmin davamlı əsaslar üzərində inkişafına köməklik göstərə bilər. Hirkan Milli Parkının ehtiyatlarının istər yerli əhalı tərəfindən və istərsə də turistlər tərəfindən qorunması və səmərəli istifadəsi günün vacib məsələlərindən biridir və Parkın istifadəsi zamanı turistlər və yerli əhalı müəyyən məsələlərə xüsusi diqqət yetirməlidirlər. Bütün bunları nəzərə alaraq Hirkan Milli Parkın ərazilərində ekoturizmin əsas prinsipləri aşağıdakılardan ibarət ola bilər:

 1) Ekoloji və sosial-mədəni təsirlərin fəsadlarının minimuma endirilməsi

a.    Təbiət ərazilərindəki davranış və texniki təhlükəsizlik qaydalarına tam riayyət edilməli;

b.    Turistlərin istifadə etdikləri transport vasitələri ekoloji təmiz olmalı;

c.    Yaranmış zibil tullantıları xüsusi vasitələrin köməyi ilə yığılaraq ərazidən çıxarılmalı və ekotexnoloji emala göndərilməli;

d.    Rekreasiya təzyiqinin zərərsiz həddi gözlənilməli;

e.    Turizmin inkişafı dəqiq tərtib edilmiş plan əsasında aparılmalı və nəzarətdə saxlanılmalı;

f.     Ətraf ərazilərdə məskunlaşan əhalinin parkın təbbi ehtiyatlarına, xüsusilə oduncaq məqsədilə parkin nadir ağac ehtiyatlarına zərərli müdaxilə halları aradan qaldırılmalı

g.    İri və xırdabuynuzlu heyvanların parkın ərazilərinə buraxılma hallarının aradan qaldırılıması və s. 

 2) Yerli əhalinin turist fəaliyyətinin təşkilində iştirakı və kiçik sahibkarlıq fəaliyyəti

a.    Yerli əhali turist biznesinə cəlb edilməli və öz ənənəvi təsərrüfat formalarını inkişaf etdirməklə əlavə gəlir əldə etməli;

b.    Cəmiyyətin müxtəlif sosial təbəqələri və qrupları ekoturizm fəaliyyətindən gəlir əldə etməli və bu zaman təbii mühitin mühafizəsi məsələsi yerli əhali üçün iqtisadi cəhətdən sərfəli olmaqla onun muhafizəsi məsələsində stimulverici ola bilər.

 3) İqtisadi effektivlik və regionun davamlı inkişafına kömək

a.    Ekoturizmin yerli ərazinin regional inkişafına inteqrasiyası;

b.    Müxtəlif istiqamətli təşkilatlarla sıx əlaqələrin qurulması;

 4) Ekoloji təhsil və maarifləndirmə

a.    Turlar və ekskursiyalar mütləq ekoloji məlumatlandırma xarakteri daşımalı, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı maarifləndirmə işləri mütəmadi aparılmalı; 

b.    Turistlər yerli ekoloji problemlərin həllində öz imkan və bacarıqları daxilində iştirak etməli və s.

Ədəbiyyat siyahısı

1.  Yusifov E.F.,Haciyev V.C Hirkan Biosfer Rezervatı,Bakı,<> 2004 səh.168

2.  Alakbarova Aysel., “Azerbaycan’ın Güney Bölgesinin (Lenkeran Bölgesi) Turizm Arz Olanakları ve Halkın Turizme Bakış Açısı”, İzmir - 2012,səh 112

A.N.Bağırlı, M.Z.Pencəliyev

Hirkan Milli parkının Lənkəran bölgəsində ekoturizmin inkişaf etdirilməsində rolu və əhəmiyyəti

Xülasə

       Coğrafi mövqeyi turizm üçün əlverişli olan Lənkəran bölgəsində yeni turizm marşrutlarının müəyyənləşdirilməsi daha çox turist axını məqsədilə regionun təbii potensialından səmərəli istifadə olunmasını aktual edir. Bu baxımdan Hirkan Milli parkının və onun ehtiyatlarının qorunması, saxlanılması əvəzsiz əhəmiyyətə malikdir.

A.N.Bagirli, M.Z.Penjaliyev

The role importance of Hirkan National park in developing of ecotourism in Lankaran region

Abstract

      Identification of new tourism route in Lankaran region whose geografical position is advantageous for tourism, makes actual of using natural potential of the region efficiently. Therefore, protection and maintenance of Hirkan national park and its resources is of great importance.

  "Yaşıl çay"