Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib. Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi İsmayıl Əli oğlu İbrahimov vəfat edib.
 
İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası). 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.
 
Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.
 
İsmayıl Əli oğlu İbrahimov tərəfindən informasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.
 
1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
 
Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olub. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.
 
Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov 15 iyul 2016-cı ildə gecə saatlarında 101 yaşında vəfat etmişdir. II Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
 "Yaşıl çay"