Lənkəran sakininin ekzotik toyuqları

Lənkəran rayonunda nadir quş saxlayanların sayı artmaqdadır. Uzun illər fərdi quşçuluq təsərrüfatı ilə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov iki ildir brama cinsli toyuqlar saxlayır. O, Rusiyadan gətirdiyi cins toyuqları artıraraq onların sayını 400-ə çatdırıb.

S.Səmədov deyir ki, rayonda ekzotik toyuqlara maraq çoxdur. O, bazarlarda maraq və qiymətin gözlədiyindən də yüksək olduğunu deyir: "Müştərilərin bəziləri bu toyuqları saxlamaq, bəziləri yemək üçün alırlar. Bir cütünü 80-100 manata satmışam. Maraq göstərənlər çoxdur. Artıq saxladığım toyuqların 200-ü satılıb. Qonşu rayonlarla yanaşı, Bakıdan da alıcılar gəlir."

Qeyd edək ki, ilk dəfə Amerikada yetişdirilən brama toyuq cinsləri əvvəllər ətlik istiqamətində bəslənilsə də, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi həyətlərdə saxlanılmağa başlanılıb.

Soyuğa və xəstəliyə davamlı bu cins xoruzların çəkisi 7-8 kiloqrama çatır.

  "Yaşıl çay"