Tanınmış şair və dramaturq Mirmehdi Seyidzadənin anım tarixidir

Azərbaycan şairi, dramaturq Mirmehdi Seyidzadənin anım tarixidir.

SalamNews-un məlumatına görə, Mirmehdi Həsən oğlu Seyidzadə 1907-ci ildə Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb, burada Pedaqoji Texnikumda təhsil alıb. Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeirlə başlayıb.

Mirmehdi Seyidzadənin 1932-ci ildə ayrıca kitabca şəklində nəşr edilmiş və mükafata layiq görülmüş "Şanlı gün" poeması məktəblilərin sevimli əsəri olub. Sonra onun "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" və digər kitabları çap edilib.

Onun "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və sairə mənzum pyesləri tamaşaya qoyulub, bir neçə şeirinə mahnı bəstələnib.

Yazıçının Ömər Xəyyam, Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.

Azərbaycanın Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına və medallara layiq görülüb.

Mirmehdi Seyidzadə 1976-cı ildə dünyasını dəyişib.

  "Yaşıl çay"