Xalq şairi Məmməd Arazın doğum tarixidir

Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist Məmməd Arazın doğum tarixidir.

SalamNews-un məlumatına görə, İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçərək Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. Onun adına "Məmməd Araz" mükafatı təsis olunub.

Məmməd Araz 2004-ci il dekabrın 1-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

  "Yaaşıl çay"