Görkəmli dramaturq Nəcəf bəy Vəzirovun doğum günüdür

Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş görkəmli dramaturq Nəcəf bəy Vəzirovun doğum günüdür.

"Yaşıl çay"ın məlumatına görə, Nəcəf bəy Vəzirov 1854–cü ildə Şuşa şəhərində anadan olub. Özünün yazdığına görə, xəstə olduğundan yalnız on iki yaşında məktəbə gedib. İlk təhsilini dini məktəbdə alıb, sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedib. 1868-ci ildə Şuşadan Bakıya gəlib, real gimnaziyanın ikinci sinfinə daxil olub. Təhsil illərində böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərib. Yazıçının teatrla tanışlığı da bu zaman başlayıb.

N.Vəzirov 1874–cü ildə real gimnaziyanı bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvada Petrovski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının meşəçilik şöbəsinə daxil olub. Burada qabaqcıl fikirli gənclərlə dostlaşıb, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edib. Ali təhsil alandan sonra müxtəlif vəzifələrdə çalışıb. Bakıya köçəndən sonra "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yaradıb. Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və s. qəzetlərə felyetonlar yazıb. O bu illərdə "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazıb, fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili", fransız məzhəkəsi "Vəkil Patelen" i isə "Dələduz" adı ilə təbdil, yəni məzmuna əlavələr edərək, yeni əsər ortaya qoyub.

Görkəmli dramaturq 1926–cı il iyulun 9–da vəfat edib.