"Azərbaycan" jurnalının aprel sayı işıq üzü görüb

"Azərbaycan" jurnalının aprel sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, xalq yazıçısı Anarın jurnalın bu sayında dərc olunmuş "Parisdə höcət" kino - povesti yazıçı Ümmülbanunun rus mühacir yazıçısı İvan Buninlə görüşlərindən söz açır. Həmçinin bu ədəbi nömrədə görkəmli nasir Məmməd Orucun "Qara güzgü" romanı, Mehman Musabəylinin tərcüməsində Qabriel Qarsia Markesin "İtmiş çağların dənizi" hekayəsi, Əlövsət Bəşirlinin "Tərif" hekayəsi ilə tanış olmaq mümkündür.

Südabə Ağabalayeva isə "İntihardan ... meyxanəyə" yazısı ilə unudulmaz şair Adil Mirseyidin arxivini təqdim edib.

Poeziya bölməsində Gülnarə Cəmaləddin, Qədiməli Əhməd, Nazir Rüstəm, Bilala Alarlı, Mina Rəşid, İntiqam Mehdizadə, Elnur Mehdiyevin poetik dünyalarına qonaq olacaqsınız.

Tənqid və ədəbiyyatşünaslıq bölməsində filologiya elmləri doktoru Gülşən Əliyeva - Kəngərli Hüseyn Cavid yaradıcılığında tarixi həqiqətin bədii inikasından bəhs edir. Fərman Kərimzadənin jurnalın bu sayında yer alan "Qarlı aşırım" romanı ilə bağlı ədəbiyyatşünas-alim Təyyar Salamoğlunun araşdırması fərqli baxış kimi maraqlıdır.

Publisistika rubrikasında Valeh Bahaduroğlunun "Yurdun varsa" yazısı ilə etnoqrafik yaddaşımızı diri saxlayan məqamlar xatırlanır.

Daha bir çox ədəbi yazılarla jurnalın bu sayında tanış olmaq olar.

  "Yaşıl çay"