Rəsul Rza adına mükafatların təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Rəsul Rza adına mükafatların təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin I katibi, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun prezidenti, Xalq şairi Fikrət Qoca açıb: "Bu gün bizim böyük şairimiz Rəsul Rzanın doğum günüdür. Bu gün həm də poeziya bayramıdır. Ədəbiyyatın inkişafında rol oynayan qələm adamlarına bu mükafatın təqdim edilməsi şairin xatirəsinin əlamətdar bir bayram olduğunu, sözün, ədəbiyyatın təntənəsini göstərir".

Sonra Fondun prezidenti F.Qoca builki mükafatçıların adlarını açıqlayıb. Mükafat Xəzangül, Kamran Nəzirli, Etibar Etibarlı, Gülayə, Nazakət, Əlizadə Əsgərli, Məmməd Tahir, Təranə Turan Rəhimli və Tahirə Məğrura təqdim edilib.

Şair, Yazıçılar Birliyinin Gəncə şəhər Şöbəsinin sədri Xəzangül Azərbaycanın görkəmli şairi Rəsul Rza dünya xalqlarının dilinə tərcümə olunan şairlərdən biridir: "Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri əvəzsizdir. Rəsul Rza yaradıcılığında yeni fikir, forma və məzmun axtarışları həmişə olub və indi də bu axtarışlar davam edir"

Yazıçı-tərcüməçi Kamran Nəzirli Rəsul Rza şəxsiyyəti, yaradıcılığı barədə düşüncələrini bölüşüb: "Çox az sənətkar və şəxsiyyət olur ki, o, ədəbiyyata, millətə, mədəniyyətə, vətənə namusla, vicdanla, təmannasız xidmət edirlər. Belə sənətkar və şəxsiyyətlərdən biri də unudulmaz Rəsul Rzadır".

Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli şairin poeziyamızdakı rolundan danışıb: "Ölməz şairimiz Rəsul Rza məhz o şəxsiyyətlərdəndir ki, xüsusi məktəb yaratmış, ədəbiyyatın və millətin taleyində mühüm rol oynamışdır".

Digər qaliblər də öz çıxışlarında Rəsul Rza yaradıcılığının əhəmiyyətindən danışıblar.

Sonda AYB sədri, Xalq yazıçısı Anar laureatları təbrik edib, onlara yeni uğurlar arzulayıb.

  "Yaşıl çay"