Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusa Ali Mükafatı təqdim olunub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, Məhəmməd Yunus öz kitabının Azərbaycan dilinə tərcümə olunmuş ilk versiyasını imzalayaraq Azərbaycan Prezidentinə hədiyyə edib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

BAMF-ın qərargahında baş tutan təqdimatda Milli Məclis, beynəlxalq təşkilat, xarici səfirlik, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib.

Tədbiri açan BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir: “Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan olaraq deyə bilərəm ki, kitab istər yaradıcılıq, istərsə də professionallıq baxımından yeganə vəsaitlərdən biridir ki, bu kitabı oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək”.

Kitabının Azərbaycan dilinə təcrümə edilməsini müsbət qiymətləndirən M.Yunus Azərbaycan xalqının və ictimaiyyətini kasıblığın azaldılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini deyib.

Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunub.

  "Yaşıl çay"