Bu gün yazıçı Hüseynbala Mirələmovun doğum günüdür

Bu gün tanınmış yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun doğum günüdür.

Hüseynbala Mirələmov 1945-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirib. 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasında işləyib.

1971-ci ildən Azərbaycanın sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb.

2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalının sahibidir. MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq görülüb. Çoxsaylı bədii və bədii-publisistik əsərlərin müəllifidir. Pyesləri Bakının teatr səhnələrində dəfələrlə tamaşaya hazırlanıb.

 Biz də görkəmli yazıçı, dramaturq, publisist, "Yaşıl çay" jurnalının redaksiya heyətinin üzvü Hüseynbala Mirələmovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

  "Yaşıl çay"