İlham İlhami. Uşaq şeirləri

Yarasa

Çəyirtgə ilə

Girdi savaşa,

Ona güc gəldi

Ana yarasa.

 

Qopartdı onun

Ayaqlarını,

Yerə söykənən

Dayaqlarını.

 

Sonra leşini

Dişinə aldı,

Balalarıyçün

Koğuşa saldı.

 

Həşəratları

Məhv edəndir o,

Yadda saxlayın

Uşaqlar, bunu!

                      22.07.2006

 

Kirpi

 

Öz belinə iynələri

Kirpi düzdü bircə-bircə,

Gündüz yatdı, ov etməyə

Yuvasından çıxdı gecə.

 

Payız idi, ağaclarda

Alma, armud yetişmişdi,

Yerə düşmüş bəziləri,

Kol-tikana ilişmişdi.

 

Bir armuddan yedi kirpi,

Almadan da dişlək aldı,

Meyvələrdən aparmaqçün

Min-bir hiylə işə saldı.

 

Belindəki iynələri

Sancdı armud, almalara,

Yuvasına gətirərək

Verdi dəcəl balalara.

 

Sonra getdi ilan tutdu,

Bir-iki də siçan tutdu,

Yedizdirdi balalara

Özü də tox, xoşbəxt yatdı...

                                     23.07.2006

 

Narınc xoruz

 

Cəngavərə bənzəyir

Dimdiyi qılınc xoruz,

Quyruğunda lələklər

Rəngbərəng – narınc xoruz.

 

Dırnaqları itidir,

Möhkəmdir caynağında,

Maraq, həm də zəhmi var,

Diqqətlə baxmağında.

 

O sayıqdır, izləyir

Həyətin hər küncünü,

Peyinlikdən çıxarır

Cücələrə cücünü.

 

Vay halına pişiyin,

Cücə tutmaq istəsə,

Hökmən qanı axacaq –

Gərək özündən küsə.

 

Qonşu xoruz, ya da it

Girə bilməz həyətə,

Hamı heyran qalıbdır

Bu xoruzda cürətə...

                             23.07.2006

 

          

Su

 

Buludlara qovuşmaq

İdi, onun arzusu,

Buxar oldu, havaya

Yer üzündən ucdu su.

 

Qovuşdu buludlara,

Yenə çevrildi suya,

Yağış oldu, çiləndi

Çöl-çəmənə, quruya...

 

Sərçə və kəpənək

 

Kəpənəyi qovdu sərçə

Az qala ki, çatacaqdı,

Əyri-üyrü uçmasaydı

Yəqin onu tutacaqdır.

 

Uçdu, güllü baxcaya

Güclə çatdı kəpənək,

Qondu güllər üstünə

Sanki, o bir gül-çiçək.

 

Sərçə itirdi onu

Ordan uçdu uzağa,

Uçdu çölə-çəmənə

Böcəklərdən tutmağa...

                             20.08.2006

 

Şəlalə

 

Çay axdı, axdı, axdı,

Dərin dərəyə aşdı,

Köpükləndi suları

Coşdu, qaynadı, daşdı.

 

Maraqlı bir mənzərə

Gəldi orda əmələ,

Çay tökülən dərəyə

Ad qoydular – “şəlalə”...

                             18.09.2006

 

Mərc

(yanıltmac)

 

Mərc qoşdular, fil – qarışqa:

Güclü varmı məndən başqa?

 

Bəlkə bir onbeş qarışqa

Çimdi noxud qabığında,

Çəlləyi bir üskük sandı

Nəhəng fil öz qabağında.

 

Özü boyda başqa fili

Az qaldı ki, qaldıra fil,

Bir qarışqa beş qarışqa

Qaldırdı, – bir çöp, elə bil...

 

Ayırd edin, biz də bilək,

Kim güclüdür, deyin görək?

                                  04.12.2006

 

Dəniz

 

Dəniz şordur, təşnədir

Bir udum şirin suya,

Neçə-neçə çayları

Içir ki, sudan doya...

06.02.2007

  "Yaşıl çay"