Cənub hərarəti ilə yaşanan ömür - MANERA.AZ

Qəfil bir xəbərə yaxalandım: sentyabrın 4-də 40 illik dostum, bənzərsiz şair-tərcüməçi Sərraf Talıbın nə az, nə çox, düz 60 yaşı tamam olur...

İstər-istəməz üzümü ona tutub demək istədim: “Nə tez ötdü illər, Sərraf?! 40 il bir igidin ömrüdü, 60 yaş isə ömrün müdriklik çağıdı. Yaşadığın illərə heyifsilənmə, ömrünü bacardığın kimi, amma ləyaqətlə, şərəflə yaşamısan. Bundan sonrakı ömür möhlətində taleyinə yazılanların daha uğurlu, daha barlı bəhərli olacağına ümid eləyək...”

Sərraf Talıb BDU-nun jurnalistika fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Onun Bakıya imtahan sessiyasına hər gəlişi bizdən – dost-tanışlarından ötrü bayrama çevrilirdi. Elə bil, özüylə Cənub torpağının hərarətini, bar-bərəkətini gətirirdi, imtahanlarından boş vaxt tapdığı məqamlarda ədəbiyyatla bağlı söz-söhbətlərimiz də bitib-tükənmək bilmirdi. Sərrafın ilk şeirlərini elə o vaxt oxumuş, müzakirə və mübahisə eləmişik. Amma elə o vaxtdan özünün də, sözün də abrını gözləyən idi, qəzet-jurnal redaksiyalarının kandarını yağır eləməyi, cürbəcür zövqləri olan redaktorlarla “dil tapmağı” sevməzdi. Elə bu səbəbdən də Bakıda təhsil aldığı müddətdə mətbuatın insafını cəmi bir neçə dəfə gördü.

Sonra doğulub-böyüdüyü Lənkəranda işləməyə başladı, yerli radioda çalışdı, Azərbaycan radiosu ilə əməkdaşlıq elədi, indisə “Yaşıl Çay” jurnalının və saytının redaktorudur, əlində olan imkanlarla Cənub bölgəsinin ictimai-mədəni həyatında təsirli rol oynamağa çalışır.

Sərraf Talıbın, demək olar, poetik yaradıcılığına tam bələdəm. Şeirlərindəki özünəməxsusluq, sakitlik, kövrəklik onun insan kimi iddiasızlığından, söz adamı kimi isə yazdıqlarına məsuliyyətlə yanaşmasından xəbər verir. Sərraf poetik mətnlərində qışqırmır, oxucusuna yol göstərib, başına ağıl qoymur, həyat, ömür, tale haqqındakı düşüncələrini az qala pıçıldayır, bu pıçıltı da daha aydın eşidilir, yaddaşlarda dərin iz buraxır. 

Onun şeirləri ictimai motivlərlə yüklənməyib (nə yaxşı ki, belədi), daha çox təbiətə və insanın daxili yaşantılarına ünvanlanıb. Dağın qarı, meşənin ağacı, Göyün quşu, çiçəyin ölümü, dost həsrəti, insan nisgili... Sərrafın duyğularında obraz səviyyəsinə çatır.
Sərraf Talıb yetkin, məsuliyyətli, diqqətli tərcüməçidi. Onun seçdiyi tərcümə mətnlərində özününün ədəbiyyata münasibəti hiss olunur. Dünya poeziyasından çevirdiyi poetik mətnlər də, Mixail Şoloxov, Qabrel Qarsia Markes, Çingiz Aytmatov, Nodar Dumbadzenin hekayələrini ustalıqla dilimizə çevirməsi də məhz bədii sözə həssas münasibətinin nəticəsidir. Təəssüf ki, bu yönümdə Sərrafın Talıbın imkanlarından tam istifadə olunmayıb. Əminliklə deyirəm ki, o, rusdilli ədəbiyyatın ən gözəl əsərlərini Azərbaycan oxucularına yüksək səviyyədə çatdırmaq imkanına malikdir.

Sərraf Talıbın insan kimi iddiasızlığı və təmənnasızlığının nəticəsi budur ki, 60 yaşında belə kitabını oxuculara təqdim eləyə bilməyib. Şəxsi imkanı bu arzusunu gerçəkləşdirməyə mane olub, amma o sponsor axtarışına çıxmağı, qapılar döyməyi, vəzifə və imkan sahiblərinə ağız açmağı özünə rəva görməyib. Halbuki, Sərraf Talıbn poetik toplusu ədəbiyyatımızın maraqlı faktlarından birinə çevrilə bilərdi.

Sərraf Talıb yaddaş adamıdır. O, ömründən keçən insanları unutmur, arayıb-axtarmağı, yaşantılarını bölüşməyi özünə borc bilir. İnsanların uğuruna sevinmək, ağrı-acılarını bölüşmək, kiməsə imkanı çatan köməyi eləmək onun qəlbinə rahatlıq gətirir.
Nəhayət, Sərraf Talıb mənim həmişə darıxdığım insan və ziyalıdı. Onunla Bakının, ya Lənkəranın küçələrində, yaxud Cənub təbiətinin qoynunda gəzməyi, ömrümüzün ötən illərini xatırlamağı, ədəbiyyat və sənətlə bağlı fikirlərimizi bölüşməyi həmişə arzulamışam.

60 yaşın mübarək, Sərraf Talıb! Allah amanında!

Nəriman Əbdülrəhmanlı

HEÇ AĞLAMAQ DA GƏLMIR ƏLIMDƏN

O qədər günahkaram ki, 
Gözlə görmək mümkün deyil bu günahları.
O qədər acizəm ki, 
Etiraf edə bilmirəm bu günahları.
Dünən kimsə özünü yenə asdı,
Hamı təəssüflə köks ötürdü,
“Yazıq” dedilər.
Bu gün yenə kimsə intihara cəhd etdi,-
İkinci dəfə!-
“Bədbəxt” dedilər.
Bəs mən kiməm?
Heç ağlamaq da gəlmir əlimdən!


QAR YAĞIR

Hanı bu dünyanın hayı-harayı,
Göylər müdrikləşən qocamı, baxır?
Uşaq dünyasına pulsuz-havayı -
Dağlara qar yağır, düzə yağır.

Naxışlı geyimi itdi dünyanın,
Dünya oda həsrət şam kimi ağdır!
Vəfası bu imiş gidi dünyanın,
Ləpirə qar yağır, izə qar yağır.

Gündüzlər bir qırpım, gecələr sonsuz,
Axşamdan səhərə dünya bir nağıl.
Hər nağıl bir sehir, hər nağıl ulduz,
Nağıla qar yağır, sözə qar yağır.

Bu qədər ulduza göy də gəlir dar,
Elimə, obama ulduzlar yağır.
Ağacda, torpaqda mürgü vurur bar,
Payıza qar yağır, yaza qar yağır.

QIRILAN ÜMİDDİR QIRILAN MEŞƏ

Bitkisi, ağacı ey ulu meşə,
Bir göz qırpımında qırdılar səni.
Lazımsız, dəyərsiz əski kağıztək
Alovun ağzına verdilər səni.

Bitkisi, ağacı qırılan torpaq,
Sabahın nə olar soruşulmadı.
Minillik meşədən qalan yerə bax,
Sabaha bir ağac, pöhrə qalmadı.

Meşələr qırılar, ağac kəsilər,
Bu qırım, bu kəsim ayrı cürəydi.
“Yurdum-yurdum” deyən qeyrətsiz kəslər,
Qəlbimə sancdılar bu böyük dərdi.

Ürək daha dözmür, dağılır sinə,
Dağ olub, nəhəng dağ zərrə nifrətim.
Kim idi, o qansız, əl atdı sənə,
Elimin sərvəti, mənim sərvətim.

Əjdaha ağızlar bura cumanda,
Həzin nəğmə imiş baltanın səsi.
Niyə daş olmadı, niyə o anda,
“Təpəgöz” nəvəsi, şöhrət hərisi?

Hanı meşəmizin bumbuz bulağı,
Hanı o bənövşə,o novruzgülü?
Siz necə bu dərdə dözdünüz axı?
Şağlaser, Xarxatan, Sepadi eli.

Dağı-dağ adlanır, düzən də düzən,
Meşəsi qırılan yerin adı nə?
Burada sərsəri dumanlar gəzər,
Ölsə, nə gəzdiyi düşməz yadına.

Yaddaşsız adamlar artıb dunyada,
Yerin yaddaşsızı görəsən, varmı?
Daha duman deyil, ahdır duman da,
Torpağın naləsi yerdə qalarmı?

Kuləklər hay salır, sulayır meydan,
İtib arxam palıd, dəmirağacım.
Babamın əkdiyi uca çinar da,
Susur ötən yaydan dinmir ağacım.

Ağaclar kəsilir, əyilir qəddim,
Meşələr qırılsa, yerə od düşər.
Görən, göyərərmi bir də Ümidim?
Qırılan Ümiddir, qırılan meşə!

Bu yerin şəklini göylərdən asın,
Qoy dunya gözüylə görsün bu dərdi!
O meşə yerində məni basdırın,
Bir gün ağac olub bəlkə göyərdim!

BİR ÇİÇƏK ÖLÜMÜ KEÇDİ ÜRƏYİMDƏN

Axşamladım yaman yerdə,
Ürəyimdən ölüm keçdi,
Sarmaşıq cütlərin gözünə
Dünya görünməyən yerdə!
Gördüm çiçəklər ölüb
qocalmamış,
saralmamış,
yol qırağında,
kiminsə isti qucağında!
Ayaq döyən səkidə,
Uca dağüstü parkda!
Çiçəklər ölüb -
Sevib-sevilməmiş,
Ürəyi çatlamış öz budağında!
Mən bu yaşımda görməmişdim,
Bu sayda dərilən çiçəkləri,
Gənc yaşında ölən çiçəkləri,
Yola, səkiyə, parka -
Sərilən çiçəkləri!
Axşamladım yaman yerdə,
cavanların sarmaşdığı,
dünyanın qarışdığı bir şəhərdə!
Bu soyuq qış günündə,
bir çiçək ölümü keçdi
yamanca ürəyimdən!

İLAHİ, ŞÜKÜR SƏNƏ

Burda ilboyu yaydı,
Yerdə mələklər gəzər.
Suda pərilər üzər,
Yadlarına əncir yarpağı belə düşməz!
Sanki cənnətdi bura!
Mer-meyvə yeməyə qadağa yoxdur,
İllər boyu burda haydı-haraydı,
Sanki cənnətdi bura!
Kişilər zövcələrindən xəlvət,
Qadınlar ərlərindən gizli
nigahdan kənar bir macəra
yaşamaqdan ötrü,
(Minlərlə bic doğmaqdan ötrü)
Gəlmişdilər bura...
Pullar səpələnirdi
Zibil yerinə...
Suyun yerinə,
toxumlar axırdı
yerin təkinə...
Ruletka fırlanır,
Kazino yanır,
Səma da,
Torpaq da,
Od da -
Hər şey qoyulmuşdu burda qumara!
Nə Budda,
Nə ay-ulduz,
Nə də xaç düşmürdü yada.
Hər şey qoyulmuşdu burda qumara,
bu ağrı elə ağırdı,
Ağrıdan çatladı torpağın bağrı.
Hamilə qadın kimi
Bağırdı okean,
Doğdu Sunami!
Bir andaca silib-süpürdü
Min-min dağı, daşı, əşyanı,
Min-min insanı...
Varlını, kasıbı
Bir tikə çörək üçün
Xidmətkar naibi.
Arvadından sərbəst olan cənabı,
Öz cinsinə meyl salan başı xarabı.
Ehtirasdan, ya ağrıdan
Çatladı torpağın bağrı.
Minlərlə insan xırdaca toxum kimi
Getdi yerin təkinə.
Bəlkə də yenidən doğulmaq üçün?!
Bu nə idi axı?
Nə idi bunların günahı?
İlahi, şükür sənə!
Şükür sənə, ilahi!

BİR QIZ GÖRDÜM...

Bir qız gördüm,
Saçı şabalıdı.
Dodaqları qan rəngində,
Qaşı şabalıdı.
Donu yarpaqdandı,
Gözünün rəngi şabalıdı.
O danışdıqca şabalıdı telləri
Qələmtək kağız üzündə gəzirdi,
Oynayırdı.
Saçı şabalıdı qız danışır hey,
Gülür hey,
Gülməkdən doymayırdı,
Yadıma düşdü o an,
Şabalıdyetişən zaman
Yaman “danışan" olur,
Ələlxüsus,
Sakit payız gecələrində!..
Daha görmədim səni,
Nəsə demək istədim.
Nə isə çırpındı köksümün
altında.
Bir az şabalıda bənzəyən ürəyim
Yavaş-yavaş.qovrulurdu
Naməlum bir odda.

AVTOPORTRET

Mirhəsən nəvəsi,
Mirsəfər oğlu
Sərraf Talıb.
Sivri burunlu,
Bir az uzun.
Bir az arıq.
Arıq barmaqlarına,
Qansız əllərinə
baxa-baxa,
Dünyada ən çox
Uşaqları sevə-sevə,
Qalanlarını da
Sevməyə ümid edib
Ata ocağına,
Ana yurduna sığınıb.
Günlərin hərəsinə,
Ağına, qarasına
Bir cümlə yazıb,
Ya yazmayıb,
Soyunub yaşılı,
Soyunub alı,
Bürünüb ağa…
Atır bir-bir günlərini
Çırpı yerinə,
odun yerinə,
Atır doymayan ocağa…

SÖZ

Yatmadım bütün gecəni,
Ağ şəfəqlər gülənəcən.
Yüyürüb dayanmadım heç,
İçimdə nəfs ölənəcən.

Yol axtardım, iz itirdim,
Hərdən çaşıb ulduz dərdim,
Ulduz dönüb oldu dərdim,
Yel gözümü silənəcən.

Başımı verdim yarmağa,
Əlimi verdim durmağa.
Gecə çəkildim çarmıxa,
Dilimdə söz gülənəcən.


BU BİNANIN UŞAQLARI VAR...

Sükut olarmı,
Zülmət olarmı,
Bu binada?
Bu binanın küçələri
uşaqlıdır,—
Bu binanın gecələri işıqlıdır.

Zülmət qaçar bu binanın nur selindən,
Kədər qaçar bu binanın 
uşaq səsindən.
Bu binada çiçək solarmı?
Bu binada arzu, istək ölərmi?
Bu binanın uşaqları var,
Bu binanın işıqları var...

Lənkəran, avqust 2016

 MANERA.AZ