ELDAR SƏBR (MƏMMƏDOV) Şeirlər

                        ÜMİD

Yapışdım taleyin əlindən bərk-bərk,

Gördüm həyatımın ümidi onda.

Əlimin içini yandırdı həsrət,

Demə, kədər imiş mənim ovcumda.

 

Gözümün nurunu tökdü ümidim,

Həsrət çəkə-çəkə mən arzulara.

Demə, tale qurub qaydasız oyun,

Məni bu oyunda uduzdurmağa.

 

İçimdə doğurdım ümidlərimi,

İçimi yandırdı, çölə atmadım.

Kədərim gözümdə gilələnirdi,

Ürək vəfalıydı məni atmadı.

 

Kədəri dost etdi taleyim mənə,

Zərrə sevinci də apardı məndən.

Umman kədərimi saya almadı,

Bir anlıq gülüşü çox bildi mənə.

 

Ötüşdü illərim günə bərabər,

Baharı gözlədim, payıza düşdüm.

Ümiddir üzümə açılan səhər,

Bəlkə uğurumun izinə düşdüm.

 

              FƏLƏYİN HÖKMÜ

 

Minib kor fələyin köhlən atını,

Çapıram, mənzilim durub qarşımda.

Küləklər ağardır qara saçımı,

Dəlləklik öyrənir fələk başımda.

 

Yüyəni əlimdə çəkirəm bərk-bərk,

Məni götürən at dayanan deyil.

Fələkdən güc alıb, yorulan deyil,

Ömrü bitirməsə dayanan deyil.

 

Arxama baxıram, gələnlər də var,

Hələ məni ötüb keçənlər də var,

Aldanıb dünyanın yalan vədinə,

Fələyin atını döyənlər də var.

 

Fələk Süleymanı atından saldı,

Aldadıb üzüyü əlindən aldı.

Adəmi, Həvvanı cənnətdən atdı,

Məni aldatmağa ona nə var ki,...

 

           YAZIĞIM GƏLİR

 

Mən sənsiz olanda sənsizləşirəm,

Özümə, sənə də yazığım gəlir.

Bu fani dünyada kim vəfa görüb,

Dünyanın özünə yazığım gəlir.

 

Ürəyim eşqindən od tutub yanır,

Bilmirəm, bu oddan xəbərin varmı?

Bəzən sevgisini gizlədir, danır,

Ürəyin özünə yazığım gəlir.

 

Gecələr talanır könlümün varı,

Səhərin həsrəti gözümü dəlir.

Bu dərdin çarəsi görəsən varmı?

Gözlərin özünə yazığım gəlir.

 

Misranı düzmürəm misra xətrinə,

Qəlbimdən keçəni kağız da bilir.

Mən ki sevməyirəm sevmək xətrinə,

İtən misralara yazığım gəlir.

LƏNKƏRAN

  "Yaşıl çay"