“ALMASI DÜŞMƏYƏN NAĞILLAR”

Tanınmış şair, ədəbiyyatşünas alim, AYB-nin üzvü Elşad Səfərlinin sayca on ikinci kitabı çapdan çıxıb. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunan kitaba “Mesaj, yaxud oxucuya bir neçə söz” adlı ön sözü müəllifin özü qələmə almışdır.  Müxtəlif illərdə yazdığı əsərlərinin daxil edildiyi kitab “Ən uzun nağılımız”, “Allaha şərik söz”, “Siz namərdin şairi”, “Uğursuz eşq əfsanəsi” və “Poemalar” bölmələrindən ibarətdir.

İndiyədək tanınmış şairin”Dünya ömür yoludur”, “Sözü ürəyində qalan adam”, “Şəhərə tələsən qatar”, “Poemalar”, “Bu, Elşad Səfərlidir” şeir və poemalar litablarının, “S.Rüstəmxanlının fərdi yaradıcılıq üslubu”, “Azərbaycan sonetinin poetik xüsusiyyətləri”, “Sonet janrı və Azərbaycan soneti” monoqrafiyalarının müəllifidir. Ötən müddətdə müəllifin bir neçə dərs vəsaiti, əllidən artıq elmi-nəzəri məqaləsi işıq üzü görmüşdür.

 İstedadlı qələm sahibini yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir və kitabdan bir neçə şeiri oxucularımıza təqdim edirik:

 

HAMI “SALAM, SALAM” DEYİR

Hamı “Salam, Salam”deyir,

Deyilənə salam olsun.

Bazarda dəllal da dinir:

“Yaxşı yazır, balam olsun”.

 

Hansı ruhdan qopan oddu ?

Bəlkə də Artur Rembodu.

Sözə təzə nəfəs odu,

Hər kimdisə, halal olsun.

 

Birinci yer “bron” du ona,

Kimsə bunu çətin dana, —

Yüz il əvvəl, yüz il sonra,

Lap min əhli-qələm olsun.

 

Paxıl olasan gərək sən,

“Nəfəsi dardır” deyəsən.

Belədə yeridir desən: —

Yalançının... filan olsun.

 

Çoxu bəlli... göz görəsi

Özünü öyür hərəsi.

Varmı Salamtək birisi,

Hər misrası kəlam olsun ?

 

Vurğun görsəydi indini,

Təzələrdi bir bəndini:

“Söz əhlinin komandanı,

Mayakovski yox, Salam olsun”.

 

Sözü zülmətdə şam kimi,

Əzbərlənir kəlam kimi.

Çətin bir də Salam kimi,

Şair hələm-hələm olsun...

20. 06. 2013

 

ALMASI DÜŞMƏYƏN NAĞILLAR

Uşaqdım,

Dinlərdim nənəmin nağıllarını.

Elə ki, nağılın sonu çatardı,

Hardansa

Gizli bir əl,

Çırpardı göylərin budaqlarını,

Tökərdi göylərin şirin barını –

Üç almasını.

Nağıl dinləyərdim

Şirin-şipşirin.

Xeyrin tərəfində durardım daim,

Savaşı gedəndə Xeyirlə Şərin.

Nənəm nağılını şirin deyərdi,

Uzun deyərdi.

Saysaydım, ayda

Bəlkə də əllisin, yüzün deyərdi.

Gözlərimə daim sevinc dolardı,

Nənəm söylədiyi o nağılların

Axırı sevinclə bitmiş olardı.

İndi də nağıllar dinləyirik biz,

Çoxunu da, düzü, ekran-efirdən.

Yüz ilə bəlkə də söyləniləsi,

Nağıllar deyilir indi lap birdən.

Nağıl söyləyənlər nənələr deyil,

İndi nağılı –

Çoxu da qalstuklu –

Lopabığ, hündürboy oğullar deyir:

Əvvəlki nağıllar belə deyildi.

 

İndi təzə-təzə nağıllar çıxıb;

Sevgi nağılları,

Seçki nağılları,

Deputat olmaq istəyənlərin,

Dildən pərgar “qəhrəman” ların,

Yalançı vətənpərvərlərin nağılı —

Hamısı da məqsəd,

Niyyətlə bağlı.

Amma bu nağılların,

Ekran-efirə

Alması düşmür.

Uşaqdım bilməzdim,

İndi bildim ki,

Alması düşməyən nağılların heç

Gerçəyi olmur.

Verilən vədlərin,

İçilən andın,

Yalandan da başqa

Heç nəyi olmur.

Seçkiqabağı dil ötənlərin

Dillərinə uyğun dilçəyi olmur.

Bu sayaq nağıllar

Uşaqlıq çağımın nağıllarıtək

Kövrəltmir məni.

Gerçək olmayan,

Alması düşməyən bu nağılların

Sonu, aqibəti göynətmir məni.

Ekranlı nağıllar içində ancaq,

“Qarabağ” adlanan bir nağıl da var —

Nağıllar içində

Şirin, şipşirin...

Heyif,

Caynağında çırpınır şərin.

Bu nağıldakı

Neçə qalstuklu qəhrəmanımız,

Neçə üzü tüklü pəhləvanımız,

Vətənpərvər,

İgid,

Mərd insanımız,

Bir anda düşməni asıb-kəsirlər,

Üstəlik, başında “turp da əkirlər”.

Amma,

Gerçək olmur nağıldakılar,

Dildə deyilənlər

                           dildə də qalır,

Əldən verdiyimiz

Elə yad əldə də qalır,

Selə verdiyimiz

                          seldə də qalır…

 

Xəyala dönmədə xəyaldakılar,

Qarabağ Vətənə sözlə qovuşmur.

Nə nağıl olaraq nağıltək bitmir,

Nə də üç alması göylərdən düşmür.

28.07.2014

 

MUSA YAQUBLA QISA

TELEFON SÖZÜMÜZ

Musa Yaqub, oxuyub kitabımı,

Qiymətin bu oldu: “Ruhumuz birdi”.

Anladım sözünü, anladım ustad,

Bizim şərə qarşı mövzumuz birdi.

 

Biz sözə qabıq yox, məna olanıq,

Çəpərlənib şərə mane olanıq.

Arpa ruzusuna qane olanıq,

Biz elə şairik ruzumuz birdi.

 

Ayrı ocaqlarda közümüz ayrı,

Mayamız, xəmrimiz, duzumuz ayrı.

Ayrı süfrələrdə sözümüz ayrı,

Bir süfrə başında sözümüz birdi.

 

Şair qafalılar basıb mahalı,

Eləsin görərsən, yox şair halı.

Xalq şairləri var şeirdə xalı

Əgər əllidirsə, səndə yüz birdi.

 

Unutmuşuq hansı inancını ki? —

Çevirdik də Vətən balıncını ki,

Qurşadıq Xətai qılıncını ki,

Təbrizli bütövlük arzumuz birdi.

 

Qarşında xəbisdən tövbə gözləmə, —

Ada, mükafata növbə gözləmə.

Sifətin birdisə, rütbə gözləmə —

Nə yaxşı ki, səndə sifət, üz birdi!..

  18.12.2015

 

ŞAİR AZADLIĞI

Qapanıb dörd divarla

Sözlə məşğulam.

Gözə görünmürəm –

Qəzet-jurnal səhifəsində

“Meydan sulayıb, at oynatmıram”.

Mənimki yazmaqdı,

Şöhrət aludəsinin işi isə

Yazmaqdan çox çap olunmaqdı.

Yaxşı ki, “Şöhrət” ödülüm yox,

Bir də ki, “Şöhrət” lənmək üçün

Yuxarıda — paytaxtda əlim yox.

Hücrəmdəyəm –

Dörd divarla dünyadan aralıyam.

Xəzər kimi,

Qapıları dünyanın üzünə qapalıyam.

Hər yazılanı şeir adıyla

Gözə təpmirəm ki,

Adım kiçilməsim,

                              xırdalanmasın.

Şair dostum demişkən:

–“Şeirlər yazıram, çap olunmasın”.

Tənhayam,

Allaha ağır getməsin,

“Laməkan” kimiyəm.

İçim gövhərlə dolu,

“Gövhərməkan” kimiyəm.

Bahalıqdan alıcısı

Hələ seyrək görünən

Dükan kimiyəm.

Təklik şahıyam –

Və azadam.

Və bu azadlıqdan alıram kam.

Nə diktə quluyam,

Nə də diktatoram,

Dövlət içində dövlət –

Vatikan kimiyəm!..

26.08.2015

 

UZAQBAŞI

MƏMMƏD ASLAN OLARSAN

 

Özüm də pərgaram elə qoşmada,

Elə söz qoşaram, heyran olarsan.

Desəm Vidadidən – dqqət kəsilib,

Səsini içinə qısan olarsan.

 

Di gəl ki, kar aşmır tək qoşma ilə –

Misraya yonulmuş söz qoşmaq ilə.

Sözə aşıqvari yanaşmaq ilə,

Bəlkə də şair yox, – ozan olarsan.

 

Qoşmanı, aşıq ki, deyilsən, ey dost,

Lampalı kolxozdan deyəsən, ey dost.

İstəsən şöhrətə yetəsən, ey dost,

Sən hansı dalana ad-san olarsan?

 

Sözə məzmun gərək, – yalan tərif yox,

Sözün tərifi var – sözə tərəf yox.

Sözü ha ütülə, – dönüb Vaqif yox,

Uzaqbaşı Məmməd Aslan olarsan!

07.11.2015

 

SOL ƏLİN BALLADASI

Evdə verilən ad çıxıb yadından,

Buna sevinir ki, “sağ əl”di adı.

Mən “sağ əl” olmadım, çünki bilirdim

Kişinin elə öz gözəldi adı.

 

Arxa bilsələr də kimisə onlar,

Bu fikri puç edən əməllər olub.

“Arxalar” arxadan çəkilən kimi,

Başları üzülən “sağ əllər” olub.

 

“Sağ əl”lə güdaza verilənlərin,

Dərdi də çiynimə bir yükdü mənim.

Bəlkə buna görə “sağ əl”lərə yox,

Sol ələ hörmətim böyükdü mənim.

 

Haqsızın üzünə qabarar sol əl,

Silkinən barmağı lap ox ucludu.

“Sağ əl”in arxalı zor gücündənsə,

Sol əlin silləsi daha güclüdü.

 

Uşaqkən dərsimi yaxşı almışam,

Səhvlərim xətrimə tez dəyir mənim.

Atamın solaxay çəkdiyi şillə

Hələ də üzümdə göynəyir mənim.

 

Tənbeh eləməyə qandal nə lazım,

Bir şillə bu işi həll edəsidir

Kimisə atmağa zindan nə lazım,

Sol əldən “pay” yesə min yol bəsidir.

 

Oğrunu düzlüyə dəvət eləyib,

Vərdişini ona qınaq edərdim.

Tövbə etsin deyə cinayətkarı,

Solaxay şilləyə qonaq edərdim.

 

Mən də istəyimin müəllimiyəm,

Hələ namərdlərə qınaq dərsim var,

Yığışın başıma əliəyrilər,

Sizə də sol əldən sınaq dərsim var.

 

“Sağ əli sol ələ möhtac eləmə” –

Bu söz qalıb kimdən, hansı zamandan?

Bəlkə çəkiniblər həddin aşanda,

“Sağ əl”ə sol əlin imtahanından?

 

Məgər bu qədərmi “düzənquludu”?

Çox vaxt görmüşük ki, “sol” gedir “sağ əl”–

Görmüşük ki, düzdə qoyub düzləri,

Əyrilərlə çıxıb yol gedir “sağ əl”.

 

Belədə sol ələ möhtacdır “sağ əl”,

Ki öz addımını düz ata bilsin –

Xalqın tərəzisi – xalqın gözüdür,

O gözdə çiynini düz tuta bilsin.

 

... Kasıbın tikəyə həsrətli vaxtı,

Kiminsə sandığı bac-xəraclıdı.

Deyirəm bu dünya düzəlsin deyə,

Yüngülcə sol ələ ehtiyaclıdır.

 

11.09.2016

MƏN ÖZ BAYRAĞIMI SANCMIŞ

 SAYILSAM

 

Göydən təb payım var, sevinərəm də

İlhamı Allahdan almış sayılsam.

Sözlə bir adladım, yoxsa dözmərəm

Mən fil qulağında yatmış sayılsam.

 

Mən söz qovğasında bir üzlə varam,

İmzalar içində öz yerim –sıram...

Yoxsa ki, özümü bağışlamaram,

Papağı altında qalmış sayılsam.

 

Olsun ki, hələ də az tanınıram,

Gün gələr lap tez-tez xatırlanaram.

Sözün Olimpində ― vüqarlanaram

Mən öz bayrağımı sancmış sayılsam.

                 

  06.11.2013 

                      PLAGİAT

 

Yazdığı an

Kitabları yığışdırsan stolundan,

Şeir yaza bilməz.

 

Özgə bağlarını gözü tutmasa,

Özgə süfrəsindən ruzu tutmasa,

Ələk-vələk etdiyi kitablardan mövzu tutmasa,

Şeir yaza bilməz.

 

Vərdişini ona yasaq eləsən,

Kitablardan uzaq dustaq eləsən,

Onu adamlığa ortaq eləsən,

Ona ilham payı əta eləsən,

Röyalarına

Bir şah qızını da buta eləsən,

Kağız, qələm qoysan,

Lap lələk qoysan,

Gül-çiçəyə tutsan tez qənşərini –

Təki yazsın,

                      yazsın təki şeirini,

Yaza bilməz.

 

Elə hünərlidir  vərdişlərində,

Elə mahir qurur qurğularını...

Sətirlər içində şah sətirləri,

Fikirlər içində şah fikirləri,

Elə oğurlayır at oğrusutək,

Sanarsan kiminsə at ilxısından

Aparır yelqanad ayğırlarını.

Sonra da bir-iki dost “tənqidçinin”,

Qələmində yonur “uğurlarını”.

 

“Şairə ilhamdan maya gərəkdir” [1],

Mayası yoxsa,

Özgə mayasından lap maya tutsa,

Allahdan təbinə imdad diləyib,

Üzünü Günəşə, ya Aya tutsa,

Qurandan üzünə lap ayə tutsa,

Şeir yaza bilməz.

 

Birdən qan köçürtmək gərəyi olsa,

Əgər bu istəyə ürəyi olsa,

Onun damarına qanla qarışıq,

Demirəm bir qaşıq, –

Tək bircə damla,

Bircə damla əgər vicdan yeritsən,

Şeir yaza bilməz,

Yox, yaza bilməz!..

11.05.2013



[1] Misra Mikayıl Müşfiqə məxsusdur.