Qafar Cəfərli . Qəbir yeri

( Hekayə )

       Son vaxtlar Bəyləroba kəndinin az-çox hörmətli bəndələrindən olan Cabbar kişi  adəti üzrə gündə bir dəfə getdiyi kənd çayxanasından evə kor-peşman qayıdırdı. Hər dəfə heç olmasa bir nəfər oğlu Musanın  ondan bəhanə ilə pul almasından, yaxud da borc alıb qaytarmamasından, yalan vədlərlə onu aldatmasından və üstəlik də ələ salıb gülməsindən şikayət edirdi.  Elə bu cür hərəkətlərinə görə idi ki, kənddə  hamı onu “Düdük  Musa”- deyə çağırırdı.  Kasıb-kusubda sən deyən pul olmadığını bilsə də, Musa heç vaxtı onlara yaxın düşmürdü, baxmayaraq ki, ilanı yuvasından çıxaran dili ilə istəsəydi onların da son qəpiyini ələ keçirərdi. Amma  o kənddə elə imkanlı adamları şirin dilə tutub pulunu alırdı ki, onlar dədələrinin  kəfəninə belə  pul xərcləməyə xəsislik edərdilər. Musa aldığı pulları da kəndin lotuları ilə  yeyib-içməyə xərcləyirdi. Odur ki, atasının yanında  hörməti olmasa da  kəndin bir parası onu çox istəyirdi.

       Günlərin birində çayxana yolunda növbəti şikayəti “qəbul edən” Cabbar kişinin evə gəlib yayın cırhacırında Musanı  kənddən bir xeyli aralı keçən magistral yola kimi qovması  bir müddət adamların danışıq mövzusu oldu...  

       Musanın  Rusiyaya getməyi ilə kəndə dönməyi hardasa on yeddi il çəkdi. Qayıdanda  onu çox adam tanımadı. Elə bil əvvəlki Musa deyildi: ətə-cana gəlmiş, geyim-keçimi  səliqəyə düşmüş, hətta xasiyyəti  də dəyişmişdi. İndi özünü ağır aparır, keçmiş badə yoldaşlarından uzaq gəzməyə çalışırdı. Qızlarını ona vermək istəməyən anaların həsədi isə hələ bir neçə il əvvəl başlamışdı, onda ki, Musa ata yurdunda özünə iki mərtəbəli, cah-calallı bir ev tikdi. İndi atası da ona böyük hörmət-izzətlə yanaşırdı.

       Musanın  bu boyda  var-dövlətə sahib olmasını kənddə hərəsi bir cür  yozurdu. Bir para adamlar Musanın kriminal aləmlə əlaqəli olduğunu, başqa bir para isə onun biznes yoldaşlarına  böyük məbləğdə pul atıb qaçdığını deyirdilər. Hətta  Musanın  qanuni nigaha girdiyi anası yaşında olan rus arvadını öldürtdürüb  bütün  varidatına sahib çıxdığını deyənlər də var idi.  Kəndə gələndən  iki ay sonra  Musa iyirmi bir yaşında bir qızla evləndi və toyu qırx  yaşının tamam olduğu günə saldı, bu əlamətdar günləri birləşdirib seçmə qohum və dostları ilə rayon mərkəzindəki restoranların birində təntənəli qeyd etdi. İndi kənddə heç kim ona “Düdük  Musa” demirdi. Söz-söhbət gəzirdi ki, Musa heç kimi aldatmamış, heç kimə də borclu deyilmiş, sən demə  qarğıdan  qayırdığı düdüklə musiqi çaldığı üçün ona bu ayamanı  veriblərmiş.

       Musanın kəndə dönməyi bələdiyyələrin yaranması ilə eyni vaxta  düşdüyündən onun kəndin ilk bələdiyyə sədri olmasını  hamı normal qarşıladı. Onsuz da  bu iş üçün lazım olan pulun altına Musadan savayı kimsənin girməyinə heç kim inanmırdı. Musa dünyagörmüş adam idi. O bilirdi ki,  bu fürsət bir də onun əlinə düşməz, nə qədər “dərə xəlvət, tülkü bəydir” bildiyini etməlidir. İlk işi rayon torpaq şöbəsindən kəndin torpaq fondunun xəritəsini çıxartmaq oldu. Bundan sonra isə bütün bələdiyyələrin ölkədə etdiyi işi görməyə başladı. İllər üzünü torpaq alıb ev tikməyin həsrətində olan insanlar  pulu yalvar-yaxarla Musaya verirdilər. O da zirək tərpənib yuxarıların razılığını aldıqdan sonra torpaqları  geninə-boluna satdı. Qazandığı pulların məbləğindəki sıfırlar artıqca Musa bir az da cavanlaşır, hökmü-hikkəsi bir az da artırdı. Rayona ilk “Toyota Prado” gətirənlərdən biri olması ilə fəxr edirdi. Ailəsinin hər bir üzvünün, hətta yaşı 75-80-a yaxınlaşan baba-nənəsinin, bəzi yaxın qohumların adına belə özü üçün  torpağın “qaymaqlı” yerindən  götürməyi də unutmadı. Bunu əlbəttə çox adam bilmirdi, amma onun kənddəki  qəbristanlığın su qalmayan təpəli yerindən bir neçə kvadrat metr ərazini dəmir məhəccərlə  bağlamasını  bütün kənd  bilirdi. İçki məclislərin birində Musanın qəbristanlıqda  tutduğu torpaqdan da satacağını deməsini eşidənlər olmuşdu.  

       ...Göydən yerə od ələnən günlərin birində qəbula gələnləri cürbəcür vədlərlə yola salan Musa  damağındakı  qara, uzun siqarı tüstülədə-tüstülədə kreslodan durdu. Sərinkeşin qabağında durub bir neçə dəqiqə gözləri yumulu halda sərin havanı ciyərinə çəkdi. Dönüb qəbul otağının qapısını açanda Məxmər arvadı gördü. Məxmər arvad onun əmisigilin qonşusunda olurdu. Kəndin kasıb ailələrindən hesab olunurdu. Bu  son illərdə belə idi, amma ondan əvvəl Məxmərin əri Sadıx uzun illər vəzifədə olmuşdu. Müharibədən qabaq kənd sovetinin katibi olmuş Sadıx müharibədən qayıdandan sonra da on dörd il bu vəzifədə işləmişdi. Məxmər bəy qızı olsa da Sadıxla qaçdığından atasından ona heç nə çatmamışdı. Ailənin tək oğlu Həsrəti  böyütmək, evləndirib ailə sahibi etmək də onun boynuna düşmüşdü. Məxmərin xahişlə kiminsə qapısını  açdığını, kimdənsə nəsə umduğunu kənddə görən, eşidən olmamışdı. İndi Məxməri bu qapıya gətirən bir başqa səbəb idi.

       Məxmər arvad Musanı görən kimi ayağa durub salam verdi. Musa siqardan bir qullab vurub qaşqabaqlı halda  dilləndi:

      -Ay arvad, axı mən sənə cavab göndərmişəm. Məgər sənə yer qəhətdi, o boyda  ərazidə yer tapa bilmirsən?

      Məxmər arvad  rəhm diləyən baxışları ilə Musaya zilləndi, köks ötürüb sözə başladı:

      -Həkimlərin dediyinə görə, oğlumun bir neçə günlük ömrü qalıb. Mənə vəsiyyət edib ki, atasının məzarının yanında dəfn olunsun. Həmin yerin bir tərəfində məzar var, digər tərəfini isə sən bağlamısan. Nə olar, məhəccəri iki-üç metr kənara çəkib balama qəbir yeri ver, qoy onun vəsiyyəti yerdə qalmasın.  Atandan, əmindən də xahiş etmişəm ki, sənə desinlər.

      Musa  damağındakı siqarı əlinə alıb gözləri bərəlmiş halda səsini qaldırdı:

      -Ay arvad, deyəsən söz başa düşmürsən, dedimsə deməli söz bitdi.  Oğlunu  basdırmaq üçün orda yer çoxdur. Bir də ki, mən ölülərdən sifariş  qəbul eləmirəm. Gedə bilərsən.

      Musa siqarı yenidən damağına qoyub tüstülədə-tüstülədə  kabinetinə keçdi və qapını da bilərəkdən  möhkəm çırpdı. Məxmər arvad ayaqlarını sürüyə-sürüyə  binadan çıxdı. Arada əynindəki rəngi bilinməyən xalatın  yan cibindən güllü dəsmalı çıxarıb  yanaqlarına süzülən göz yaşlarını  silirdi.  

        ...Hər şey elə tez və qəfil baş verdi ki, kimsənin inanmağı gəlmirdi. Musanın ata babası və nənəsi gecə vaxtı evlərinin damında elektrik xəttində yaranan qısa  qapanmadan baş verən yanğında həlak oldular. Heç bir ay keçmədi ki, Musa valideynlərinin də olduğu  “Toyota Prado” maşını ilə içkili vəziyyətdə toydan qayıdarkən qəza keçirtdi, həmin gün Cabbar kişi, bir həftə sonra isə anası Gülzar dünyalarını dəyişdilər. Musa ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Üç aydan artıq orda müalicə olundu. Qoltuq ağacları ilə kəndə qayıdanda maşını birbaşa Məxmər arvadın qapısına sürdürdü. Onu qapıda Həsrət qarşıladı. O Həsrət ki, bir neçə ay əvvəl həkimlər həyatına sayılı günlərlə vaxt qoymuşdular. Həsrət  qonağı evə dəvət etsə də o razılaşmadı. Səsə qapıya çıxan  Məxmər arvadı gördükdə Musanın rəngi kağız kimi ağappaq ağardı. Həyətə ürəyi dolu gəlsə də, deyəcəyi bir kəlmə belə yadına düşmədi. Məxmər arvadın  gətirdiyi yumşaq stulda oturub başını aşağı dikdi. Məxmər arvad qonağın ürəyini almaq üçün mehribanlıqla dilləndi:

       -Allah  ölənlərinə rəhmət eləsin! Sənə də can sağlığı versin.

      -Yox, Məxmər arvad, mənim canımın sağlığından daha söhbət gedə bilməz.

      - Niyə belə deyirsən, ay bala?

      Musa yanıqlı bir ah çəkib sözünə davam etdi:

      -Mən bilirəm, xətrinə dəymişəm, ürəyini ağrıtmışam. Bəlkə də sənin qarğışın tutdu məni. Gəlmişəm ki, səndən  halallıq istəyəm.

      Məxmər arvad kövrəldiyindən gözləri doldu, amma özünü ələ almağa çalışdı. Xoş bir təbəssümlə dilləndi:

     -O ağrılı-acılı günləri yada salmayaq.... Allahın rəhmi böyükdür. Onun izni olmadan bir udumluq havanı belə almağımız mümkünsüzdür. Şükürlər olsun ki, oğlum sağaldı və indi yanında durub. Görünür,  Uca Tanrı məni övlad dağı ilə sınaqa çəkmədi.

     Məxmər arvad susdu, Musaya zillənib qalmışdı. Ürəkləri yerindən oynadan sükutu elə Məxmər arvad pozdu:

       -Qarğış etməyimdən qorxursan, amma ürəyimi ağrıtdığını saya salmırsan.Yəqin başa düşmürsən ki, sinədə gəzdirdiyimiz bu ürəyin sahibi əslində biz deyilik... Ürəyi küsdürmək böyük günahdır bala... Oğlum sağalandan sonra səni bağışlasam da,  mənim haqqım boynunda idi və bu haqqı sənə heç Allahımız belə halal edə bilməzdi. Yaxşı ki, gəldin və bu haqqı üzbəsurət sənə halal etməklə mən də əzabdan qurtuldum... Amma başına gələnlərin səbəbini  başqa yerlərdə də axtarsan pis olmaz. İndi isə yuxarı çıxıb qonağım olarsan.

    Musa deyilənləri təsdiq edirmiş kimi başını bir-iki dəfə aşağı-yuxarı verib stulun  yan tərəflərinə dayadığı qoltuq ağaclarını götürdü, çətinliklə ayağa durdu  və dinməz-söyləməz qapıda dayanan maşına tərəf ağır-ağır addımlamağa  başladı.

     ...Heç bir ay keçmədi ki, Musanı kənd qəbristanlığında hasara aldığı ərazinin sonuncu qəbir yerində basdırdılar.  

                                                                     5-6 noyabr 2016-cı il.

  "Yaşıl çay"