YAZIÇI – VƏTƏNDAŞ...

Qardaşxan Fərzi və onun nəsri haqda qeydlər

Bu yazını başlamazdan xeyli əvvəl onun mətn-mozaika olacağı ürəyimə dammışdı. Çünki haqqında söhbət edəcəyim adamın da sanki min-min şəffaf, rəngli şüşəciklərdən yığılıb portretləşdiyinə özümü inandırmışdım. O, tanıdıqlarımın heç birisinə bənzəmirdi…   

***

Qardaşxan Fərzi ilə hər dəfə rastlaşanda ustadımız K.Abdullanın bu sözlərini xatırlayıram: “Əsas məsələ kişilikdir, qalan şeylər təfərrüatdır”. Ədəbiyyat və Kişilik… Bir-birini qəddarcasına itələyən amansız nəsnələrdir. Hələ dahi Nizami “Yeddi gözəl”ində yazırdı ki, bugünəcən iki dastançının bir-birini bəyəndiyini gördünüzmü? Yox!-deyir. Əziz dostum Qardaşxanı o “Yox!”ların üstündən çəkilən bir qırmızı xətt kimi görürəm…

  ***

Qardaşxan Fərzi…

Bəlkə də çoxuna bu ad çox şey demir…

Amma az şey də demir…

   ***

“Çox” və “az”! Lənətə gəlmiş bu kəmiyyət göstəriciləri bizə lap əski zamanlardan miras qalıb və bunlar nə yaxşı ki, söz sənətində keçərli deyildir. Ədəbiyyat üzrə sonuncu Nobelçi Bob Dilan öz nitqində deyir: “…Lakin mənim deməli olduğum bir şey var. Bir ifaçı olaraq mən əlli min adam üçün də, əlli adam üçün də ifa etmişəm və sizə onu deyim ki, əlli adam qarşısında çıxış etmək daha çətindir. Əlli min adam bir nəfərə çevrilə bilər, amma əlli adam yox”

Qardaşxan Fərzi məhz o əlli adamın yazıçısıdır…

***

Yox, istəyirəm düz anlayasınız, belə bir təəssürat yaranmasın ki, nəsrindəki qəliz struktura görə belə bir qənaətə gəlmişik. Əksinə, sadədən də sadə bir nəsr nümunələri ilə üz-üzəyik. Əgər günlərin bir günü bu nümunələr şıltaq uşaqlar kimi  gözlərimizi arxadan qapayıb kim olduqlarını soruşsalar, üzümüzə dağılan istiliyin və təbiiliyin dərəcəsindən onların kimliyini tanıyacağıq…

***         

Palaza bürünüb elnən sürünə bilməyən professor Mövlud Fərruxzadənin simvolik palazıını tanımamaq olarmı? (“Palaz”) Belə “palaz”ın toplum üçün yaramadığı bəlli. Professor təklərdəndir. Min illərin “mental” dəyərlərinin dildə tabulaşan ehkamlarına qarşı özünəməxsus dirəniş nümayiş etdirən professora bəraət qazandırmamaq mümkün deyildir. O məhz bir məkanda palaza bürünə bilərdi: Özü öz əli ilə qazdığı qəbir evində, vəssalam… Bu həm də yazıçınn mövqeyidir.

***

Həmişəyaşar və həmişəavan qoca ilə - Əzrayılla sürətlə axan suyun üstündəki körpüdə görüşən Uşaq, gözlənilməz müsafirin məhz atasının canını almağa gəldiyini biləndə onu verdiyi anda təslim etdirir: “Səni and verirəm İmam Hüseynin bu hüznlü günlərinə!” Bu saf, məsum, Müqəddəs Uşağa görə Allahın da hökmünü pozan ölüm mələyi özü də kiçilib yumağa dönür. Amma nə etməli? Yazıçı qəzavü-qədərin qaçılmaz olduğunu ifadə edir. Həm də kiçik bir cocuğun öz atasına nəhayətsiz sevgisini bu qəddar dünya üçün əmanət qoyur…

***

Qardaşxan Fərzi bədii sözün ən təbii laylarına enir. Sözün təşbehsiz, metaforasız çağlarına. Necə deyərlər, süjetini qurub, hekayətini danışıb çəkilir geri. Oxucunu nə təşbeh, nə də metafora həyəcanlandıra bilər. Doğrudur, bu yolla haradasa heyrətləndirmək olar. Özü də daha çox şeirdə! Amma nəsrdə bir az başqa cürdür. Burada süjetin özü çəkici olmalıdır. Oxucunu mətnə salmağın ən təbii yolu budur. Bu, nəsrdə ən təqdirəlayiq haldır. Qardaşxan bunu bacarır…

***     

Qardaşxan Fərzini “itirilmiş nəsil” hesab etmək olar. Bu nəsil iki yolla “itir” – ya özləri özlərini könüllü itirir, ya da bilərəkdən məkrli bir niyyətlə onları ədəbi prosesdən uzaqda saxlamaqla itirib unutdururlar. Zənnimizcə, o, birincilərdəndir. Hər cür şöhrət parıltısının fövqündə dayanan Q.Fərzi özü özünü toplumdan uzaq tutumağı “ustalıqla” bacarır. Amma hər şeyə şükür! Dostları Elşad Səfərli, Samir Sədaqətoğlu,Ağamir Cavad , Sərraf Talıb onun ədəbi cameəyə təqdim olunmasında bir vəsilə oldular. Tanınmış yazıçı-publisist A.Eminovun ilk kitabına yazdığı ön söz əsl bədii-elmi-tənqidi araşdırmadır,-desək, yanılmarıq. Ön sözü “”İnsanı fəzilətə çağıran hekayələr” adlandıran müəllif tam haqlıdır. Filoloq-ədəbiyyatşünas Musa Babayevin “Palaz” hekayəsinin müəllifinə məktubu”nu da minnətdarlıqla qeyd etmək istəyirik…

***

Böyük rus ədibi Nekrasov deyirdi: “Şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan”.  Fikrimizcə, eyni zamanda həm şair, həm də vətəndaş olmaq isə başqa bir aləmdir. Yaxından tanıdığım Qardaşxan Fərzi əsl yazıçı-vətəndaşdır. Nədən yazırsa yazsın, onun vətəndaş mövqeyi apaydın görünür. “Yaşıl işıq” sənədli povestində o həm özünün, həm də qəhrəmanının yolunda yaşıl işıq yandıraraq onunla yanaşı addımlayır, problemləri vətən, xalq naminə həll etməyə çalışır. Povest konkret bir şəxsdən – iş adamı Araz Yağubovun fəaliyyətindən bəhs edir. Uzaq xaricdə yaşaya-yaşaya qəlbi vətən üçün çırpınan qəhrəman günlərin bir günü öz dogma qəsəbəsinə dönür, çayçılığı inkişaf etdirərək yeni iş yerləri açır, cani-dildən xalqına xidmət edir. Təhkiyəçi əsas diqqətini qəhrəmanının daxili aləminə yönəldir, rəngarəng detallarla onun iç dünyasını açıb göstərir. İstə-istəməz böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev yada düşür. Düşünürsən, nə yaxşı ki, bütün sahələrdə ölməz sələflərinin yolunu davam etdirən ləyaqətli xələflər vardır.

Bu povest həm də Qardaşxanın doğulub boya-başa çatdığı dogma obasına birnəfəsə oxunan bir nəğmə təsiri bağışlayır…

***

         İlk kitabında “Miniatürlər” adlandırdığı mozaik bədii parçalar, fikrimizcə. fəlsəfi pritçalardır. Amma bir şərtlə: Cilalanıb artıq ünsürlərdən arınandan sonra. Məhz bu yolla Sonsuz Lüğətə qovuşmaq olar…

***

Ədəbiyyatın əbədi mövzularını sanki Uca Allah diktə edir! Bu da “O”-nun bizə yolladığı açar sözlər: Olum, ölüm, sevinc, tənhalıq, qocalıq, sevgi, sonsuzluq… və sair… Bir də Qələm yollayıb! Nə yaxşı ki, Q.Fərzi bu “sözlərdən boyunbağı düzəldib” Qələminin boynundan asıb…

Onun hər hansı hekayəsini qaldırıb gün işığına tutsanız, oradan işıqla yanaşı, həm də qəribə bir həzinlik, kövrəklik, qüssə axdığının şahidi olacaqsınız. Təhkiyəçi hər nəsnədə işıq axtarır və onu tapır... Hətta o həzinliyin, o qüssənin də nüvəsində işıq durur.

Ömrünün müdrik çağlarını yaşayan əziz dostumuz Qardaşxan Fərzi bu dünyanın faniliyini, gedəriliyini, bir sözlə, absurdluğunu damarlarından axan qanın şırıltısından sezən Birisidir…

O, öz yerişi, duruşu, sözü və danışan sükutu ilə bizlərə ölümsüzlük dərsi keçir…

                                                       

                                                                           Mehman Qaraxanoğlu

                                                                                                 24.12.2016

  "Yaşılçay"