BİR ÇİÇƏK ÖLÜMÜ KEÇDİ. ŞEİR

Hər 20 yanvar gələndə bu şeirimi xatırlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin

 Axşamladım yaman yerdə,

Ürəyimdən ölüm keçdi,

Sarmaşıq cütlərin gözünə

Dünya görünməyən yerdə!


Gördüm çiçəklər ölüb

qocalmamış,

saralmamış,

yol qırağında,

kiminsə isti qucağında!

Ayaq döyən səkidə,

Uca dağüstü parkda!

Çiçəklər ölüb-

Sevib- sevilməmiş,

Ürəyi çatlamış öz budağında!


Mən bu yaşımda görməmişdim,

Bu sayda dərilən çiçəkləri,

Gənc yaşında ölən çiçəkləri,

Yola, səkiyə, parka -

Sərilən çiçəkləri!


Axşamladım yaman yerdə,

cavanların sarmaşdığı,

dünyanın qarışdığı bir şəhərdə!

Bu soyuq qış günündə,

bir çiçək ölümü keçdi

yamanca ürəyimdən!

SƏRRAF TALIB