Elşad Səfərlinin yeni kitabı işıq üzü görüb

“Lənkəran sonetləri”

  Bu yaxınlarda tanınmış şair Elşad Səfərlinin “Lənkəran sonetləri” adlı sayca on üçüncü kitabı çapdan çıxıb.

Kitabda şairin sonetləri. sonetlər çələngi (poema), bir poeması və bir neçə şeiri toplanıb. E.Səfərlinin sonetləri müəllifin bu sahədə də böyük təcrübəyə, poetik məharətə sahib ol­duğunun göstəricisidir.

Azərbaycan poeziyasında sonetin işlənməmiş on beşə yaxın növünün ilk dəfə yazılmış nümunələri də məhz E.Səfərli imzasına məxsusdur və haqlı olaraq bu töhfələr bəzi ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymətləndirilib. Sonet janrını mükəmməl bilməsi və janrın tədqiqi ilə bağlı nəşr etdirdiyi bir neçə monoqrafiyası onun bu yöndəki poetik uğurlarının başlıca faktorudur.

Orijinallığı ilə seçilən “Lənkəran sonetləri” kitabı oxucu auditoriyasının yetərli diqqət yetirəcəyinə şübhə yeri qoymur. Kitaba yazılmış ön sözdən oxuyuruq: ”Elşad Səfərli hazırki mərhələdə Azərbaycan sonetinin əsas yaradıcılarıdan biridir…Bütövlükdə istedadlı şair E.Səfərlinin 60 illik yubileyi ərəfəsində çap olunan bu kitab şairin sonet sevgisinin parlaq təzahürü, oxuculara, ədəbi mühitə əsil yaradıcılıq hesabatıdır.”

Kitab “Gənclik” nəşriyyatında nəfis tərtibatla nəşr olunub. Kitabın redaktoru tanınmış şair Tahir Taisoğlu, rəyçi və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlidir.

“Yaşıl çay” jurnalı olaraq biz də tanınmış şair və ədəbiyyatşünas alim Elşad Səfərlini təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq!

S.Talıbov