Ədəbiyyatşünas alim Gülhüseyn Hüseynoğlunun anım günüdür

Azərbaycan nasiri, ədəbiyyatşünas alim, professor, antisovet "İldırım" təşkilatının qurucularından biri Gülhüseyn Hüseynoğlunun anım tarixidir.

SalamNews-un məlumatına görə, Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçüb.

Gülhüseyn Hüseynoğlu 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilərək azadlıqdan 25 il müddətinə məhrum edilib. 1956-cı ildə tam bəraət qazanaraq, aspiranturaya bərpa olunub.

Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü G.Hüseynoğlu M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.

Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. Otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

Görkəmli alim 2013-cü ildə dünyasını dəyişib.

  "Yaşıl çay"