Hacıqabul, Şamaxı və Zərdabda ərazilərin suvarma suyu ilə təminatına 8 milyon manat ayrılıb

Prezident İlham Əliyev sentyabrın 12-də “Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirildiyi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yaxşılaşdığı bildirilib. Qeyd edilib ki, istehsalın stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olub. Bu tədbirlər çərçivəsində Hacıqabul və Şamaxı rayonlarında 10000 hektarlıq və Zərdab rayonunda 10000 hektarlıq ərazinin suvarma suyu ilə təminatı layihəsinin icrasına başlanılıb.

Sərəncama əsasən Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı üçün başlanılmış layihələrin davam etdirilməsinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılıb.

  "Yaşıl çay"