20 Yanvar - Azərbaycan xalqının qan yaddaşı - FOTO

Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Mərkəzi hakimiyyəti ən çox qorxuya salan da elə bu idi. Azərbaycan kimi yağlı tikəni əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan yolu seçdi. Bu yol Azərbaycan xalqının rəyini nəzərə almayaraq onu əzib keçmək, başqa respublikalarda da baş qaldırmaqda olan azadlıq, müstəqillik istəklərinə zərbə vurmaq yolu idi. Bu məqsədlə milli münaqişə zəminində böyük nifaq yaradılmasına əl atıldı.

Şovinist erməni millətçiləri qızışdırılaraq Azərbaycana qarşı yönəldildi. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə edilən basqınlar, azərbaycanlıların elindən-obasından didərgin salınması xalqın çox kəskin etirazına səbəb olmuşdu. Meydanlara toplaşan xalq haqsızlıq və ədalətsizliyə son qoyulmasını tələb edirdi. Lakin mərkəzi hökumət bu tələblərə məhəl qoymayaraq erməniləri daha da qızışdırırdı. 

Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq azadlıq və müstəqillik tələblərini irəli sürməyə başladı. Bu tələb Moskvanı ciddi təlaşa salmışdı. Ona görə də azərbaycanlıların qorxudulması, ürəklərə xof salıb, xalqı azadlıq yolundan döndərilməsi üçün cəza maşını işə salınmışdır. Kommunist hakimiyyəti "sapı özündən olan baltaların" müraciəti ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun birləşmələri yeritdi və misli görünməmiş qırğın törədildi. 

Xalqın qanı axıdıldı. SSRİ imperiyası sözün həqiqi mənasında istədiyinə nail olmaq üzrə idi. Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdı. Dünənə kimi meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin heç biri gözə görünmürdü. Faciənin miqyası və qəddarlığı xalqı təşvişə salmış, çoxlarını qorxutmuşdu. Lakin bu təşviş və qorxu uzun sürmədi. 

Hadisəni törədənlərin qulağının dibində - Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, qəlblərdə ümid yaratdı. Bu uca səs xalqın təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Heydər Əliyev o ağır günlərdə xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin tənqid etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını imperiyanın paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi.

Uzun illərdən sonra, bu gün həmin hadisələri nəzərdən keçirəndə sağlam düşüncələrə belə bir həqiqət hakim kəsilir ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada etiraz səsini ucaltması xalqımızın mübarizə əzmini artırmış, birliyini və həmrəyliyini möhkəmlətmişdir.

Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı) "döyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər .

M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi, dördüncü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Ancaq SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatmış, respublikada televiziya verilişləri dayandırılmışdı. 

Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 19-da saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar yalan danışaraq bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Bəs bu vəhşiliyin əsl səbəbi nə idi? Bu sualı cavablandırmaq üçün 20 Yanvar faciəsinin araşdırılması üçün yaradılmış istintaq komissiyasının materiallarına nəzərdən keçirmək kifayətdir. Materiallara əsasən adamları xüsusi qəddarlıqla öldürərək, yaxın məsafədən güllələmişlər. Məsələn, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər.

Bütün bunlar ona dəlalət edir ki, imperiya xalqı bu yolla qorxudaraq, onu vahiməyə salmaq, iradəsini qırmaq, boyun əyməyə məcbur etmək istəyirdi ki, xalq azadlıq və suverenlik tələbindən əl çəksin, Dağlıq Qarabağın işğalı ilə barışsın.

Tanınmış britaniyalı jurnalist Tom de Vaal "Qara bağ" kitabında yazır ki, Bakıda hərbi vəziyyətin elan edilməsini başa düşmək olardı. Lakin sovet əsgərlərinin avtobusdakı insanları atəşə tutmalarını, 14 yaşlı qız uşağını güllələməklərini başa düşmək olmurdu. Bu dəhşət idi.

Görkəmli rusiyalı kinorejissor Stanislav Qovoruxin "Repetisiya" (Məşq) məqaləsində yazırdı ki, sovet əsgərləri Bakıya işğalçı kimi daxil olmuşdular. Heç bir qayda-qanun yaratmaqdan söhbət gedə bilməzdi, söhbət işğaldan gedirdi.

Bütün bu məsələlərin qarşısını almaq əvəzinə həmin dövrdə xalqın problemlərini bir tərəfə qoyan hakimiyyət sahiblərinin əsas məqsədləri Heydər Əliyevlə xalqın birləşməsinin qarşısını almaq idi. Bu kimi cılız işlərlə məşğul olan hakimiyyət sahibləri dayaqlarının çürüdüyünü belə görə bilmədilər. M.Qorbaçovla açıq qarşıdurmadan çəkinməyən Heydər Əliyev bu ağır günlərdə xalqı ilə bir yerdə olmaq üçün Azərbaycana qayıtdı. Lakin onun Bakıda yaşamasına imkan vermədilər. Halbuki, əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

1990-cı il iyulun 22-də Heydər Əliyev Naxçıvana qayıtdı. Bu qayıdış xalqın xilası oldu. Həmin ilin sentyabrında keçirilən seçkilərdə Heydər Əliyev Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçildi. Noyabrın 21-də isə artıq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi. Bu, 20 Yanvar faciəsinə rəsmi olaraq verilən ilk siyasi qiymət idi.

Sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: "Bakıda fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində qadınların və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Bu cür bəyanatların əsas məqsədi əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır".

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

Qanlı yanvardan artıq 22 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Dövlətimiz inkişaf etdikcə, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə olan diqqət və qayğı da artır.

Bu gün Azərbaycan öz inkişafı ilə, dünyada qazandığı nüfuzla düşmənə layiqli cavab verir. Ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya siyasətindəki yerinin nə qədər möhkəm olduğunu göstərir. Bütün bunlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən, strateji siyasəti nəticəsində nail olmuşuq. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, dünyada gedən proseslərə uyğun olaraq çevik siyasət həyata keçirməsi nəticəsində Azərbaycanı bölgənin ən qüdrətli dövlətinə çevrilmişdir. İndi Azərbaycanın razılığı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın güclü ordusu isə xalqı hər zaman düşmən təcavüzündən müdafiə etməyə hazırdır.

AzərTAc