Prezidentl postuna ümumxalq namizədi

Növbədənkənar seçkilərdə dövlət başçısı postuna ən layiqli namizəd İlham Əliyevdir

Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib. AHİK-in V qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər. 

Qurultayda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun nümayəndələrə İlham Əliyevin namizədliyini dəstəkləmək üçün çağırış etməsi alqışlarla qarşılanıb. Növbədənkənar prezident seçkilərində hazırkı Prezidentin yenidən namizədliyinin bu cür sürəkli şəkildə dəstəklənməsi tamamilə qanunauyğundur. Çünki, hakimiyyətdə olduğu son 14 ildə ölkənin sürətli sosial-iqtisadi inkişafının konturları, siyasi fəallığı və qazandığı uğurlar, xalqın xidmətində durması, daim insanların rifah halının yaxşılaşdırılması qayğısını dövlətin prioritet istiqaməti kimi tutması İlham Əliyevin xarizmatik lider olduğunu sübut edib. 
Ümummilli lider Heydır Əliyevin vəfatından sonra Azərbaycana qarşı olan bəzi xarici qüvvələr xeyli fəallaşmışdılar. Onların səyi və xərclədikləri vasit sayəsində ölkədə təxribatçı qruplar baş qaldırmışdı. Məqsəd müxtəlif antikonstitusion yollarla ölkədə vəziyyəti qarışdırmaq və qeyri-sabitlik fonunda Azərbaycanın müstəqillioyinə xələl gətirmək idi. Həmin dövr xalqın yaddaşından silinməyib. Belə bir gərgin şəraitdə xalqı ardınca aparmağı bacaran yeni liderə ehtiyac yaranmışdı ki, bu ümummilli vəzifəni İlham Əliyev cəsarətlə öz üzərinə götürdü. Xalq ona böyük etimad göstərib və o da xalqın etimadını ləyaqətlə doğruldub.  
Müstəqillik illərinə xalqın yoxsullaşması ilə başlayan Azərbaycan Respublikasında yoxsulluğun səviyyəsi hazırda 5,4 faiz səviyyəsinə enib. Bu, böyük nailiyyətdir və bu uğurun arxasında gərgin zəhmət, ağıllı siyasət, uzaqgörənlik və işgüzarlıq dayanır. İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edilib və uğurla icra olunub.  2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılıb.  Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib.
Prezidentin müvafiq sərəncamları üzrə həyata keçirilən sosial layihələrin sayəsində Azərbaycanda mahiyyətcə yeni olan sosial xarakterli dövlət strukturu formalaşıb. Çünki, son 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz təşkil edir. Müqayisə etdiyimiz dövr ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artıq 30 faiz həcmini ötüb. 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatını təmsil edən 1300 nümayəndənin İlham Əliyevin namizədliyini dəstəkləməsi xalqın ona göstərdiyi etimadın və etibarın real təcəssümüdür. 
Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artırılması, iqtisadi əməkdaşlığımızın çiçəklənməsi, geostrateji maraqlarımızın müdafiəsində bizimlə tərəfdaşlıq edən dövlətlərin sayının çoxalması, regionda liderlik mövqeyinə yüksəlmək və dünya birliyinin etibarlı üzvünə çevrilmək məhz İlham Əliyevin şəxsi qabiliyyəti ilə əldə edilən müstəsna uğurlardır. Keçən il ölkənin idarəetmə strukturunun təkmilləşdirilməsi yolunda cəsarətlə vitse-prezidentlik institutunun yaradılması dövlət başçısınının zərurətdən atılmış düzgün addım idi. O, bu zəruriliyi vaxtında gördü və cəsarətlə həyata keçirib. Nəticədə idarəetmədə xeyli canlanma yaranıb ki, xalq da bunu görüb qiymətləndirir. 
Azərbaycanın ərazi bütövlüyünün bərpası bu gün dövlətimizin qarşısında duran ən ümdə məsələdir. Vaxt vardı inkişaf etmiş iri dövlətlərin emissarları istədikləri şəkildə bəyanatlar verir, özlərinə lazım olan çalarlarda bəyanatlar səsləndirirdilər. Ancaq ulu öndərin yolunu uğurla davam etdirən İlham Əliyev bir dövlət başçısı kimi bütün maneələri ən optimal varianlarla dəf edib, ölkəni sürətli inkişaf yoluna çıxarmaqla, habelə şəxsi təşəbbüsləri ilə qonşu dövlətlərin üçformatlı əməkdaşlığına nail olmaqla, səmərəli enerji siyasəti ilə Avropa İttifaqının enerji təhlikəsizliyinin təmin olunmasında xüsusi rola yiyələnməklə böyük siyasi nüfuz qazanıb və indi bütün opponentlərlə bərabərhüquqlu münasibətləri yaradıb. Daha siyasətçilər Azərbaycanın adı olan yerdə sərbəst və biganə danışığa yol vermədən ehtiyatlı və düşünülmüş ifadələr işlətməyə çalışırlar. İlham Əliyevin bir neçə dildə sərbəst və savadlı danışması, dövlət başçıları ilə səmimi və etibarlı münasibətlər qura bilməsi, sazişlərin bağlanması, danışıqların aparılması zamanı ləyaqət və qürur nümayiş etdirməsi onun xarakterinin dövlət başçısına məxsus olan cizgiləridir. Bütün bu saydıqlarımız xalqın gözündə Prezident İlham Əliyevin həm vətəndaş-şəxsiyyət, həm də qayğıkeş rəhbər obrazını yaradıb. Məhz bu səbəblərdən Azərbaycan seçiciləri ona rəğbət bəsləyir və ölkə rəhbərliyinə yeganə namizəd sayırlar.
N.NOVRUZ