Vüqar Rəhimzadə: YAP-ın prezident seçkilərində namizədi xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir

Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə hesab edir ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın Sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək.

O bildirib ki, Azərbaycanın son 14 ildə əldə etdiyi dünya miqyasında təqdir olunan uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır: "2003-cü ildən bəri ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq olub, dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabitlik və dayanıqlı inkişaf təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz və nüfuz sahibidir”.

YAP Siyasi Şurasının üzvü əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb: “Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur.

Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqi üçün etibarlı zəmin yaradan əsas amillərdən biri də çoxşaxəli islahatların həyata keçirilməsidir. İslahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Çoxşaxəli islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə və təkmilləşmə son illərin mühüm uğurlarındandır".

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev ötən dövr ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib: “Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Azərbaycan dünyanın ən böyük və əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə “Eurovision”, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir”.

  "Yaşıl çay"