Əli Əhmədov: "Azərbaycan xalqı İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir" YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin Ümumrespublika müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərlər iştirak edib.

Müşavirəni YAP-ın Sədr müavini Əli Əhmədov açaraq qarşıdan gələn prezident seçkiləri haqqında danışıb.

Əli Əhmədov bildirib ki, YAP-ın VI Qurultayının partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır: “İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklər. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmiz iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar və gerçəkliklər İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb. Azərbaycan xalqı bu siyasəti qətiyyətlə dəstəkləyir”.

YAP-ın İcra katibi deyib ki, bu gerçəklik YAP seçki kampaniyasının ən böyük resursudur: “Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Biz insanların bu əhval-rühiyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəklərini bilirik. Seçicilər İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar, öz ailələrinin inkişafı üçün səs vermiş olacaqlar. Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik”.

Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.

  "Yaşıl çay"