İlham Əliyev: Hər bir rayonda böyük canlanma, kənd təsərrüfatının inkişafı ilə bağlı nikbinlik, böyük ümidlər var

Hər bir rayonda böyük canlanma, kənd təsərrüfatının inkişafı ilə bağlı nikbinlik, böyük ümidlər var.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, əkinçiliyin burada çox böyük ənənələri var: "Şadam ki, bu gün də Zərdab rayonunun sürətli inkişafı üçün çox ciddi addımlar atılır. Siz rayonun qazlaşdırılmasını qeyd etdiniz. Yaxşı xatırlayırsınız ki, əvvəlki illərdə burada heç rayon mərkəzində qaz yox idi. Ancaq bu gün Zərdab rayonunun qazlaşdırılması 81 faizdir və daha bir neçə kəndə qaz çəkilir, artıq 92 faizə çatacaq və yəqin ki, yaxın gələcəkdə 100 faiz olacaq. Nəinki Zərdabda, bütün ölkə üzrə su problemi həmişə ən kəskin problem idi. Bu gün Zərdab şəhərinin sakinlərinə təmiz içməli su verilir".

İlham Əliyev digər layihələrin də icra olunduğunu vurğulayıb: "Bunun əsas məqsədi insanlara xidmət etməkdir. İnsanlara daha da yaxşı şərait yaratmalıyıq. Əvvəllər Zərdabda baramaçılığın böyük ənənələri olub. Sonra bu ənənələr itib. Nəyə görə? Çünki dövlət lazımi səviyyədə diqqət göstərmirdi. Bəziləri hesab edirdilər ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. Amma belə deyil. Görəndə ki, biz bu sahəni itiririk, dərhal tədbirlər görüldü, altı tona yaxın barama tədarük edildi, yüzlərlə insan yaxşı pul qazandı. Bəzi ailələr 30-40 gün ərzində böyük məbləğdə pul qazanırlar. Gələn il 15 ton barama tədarük ediləcək. İndi xaricdən tinglər gətirilir, biz onları alırıq. Yaxşı yarpaq verən, xüsusi növ ağaclar gətirilir ki, baramaçılıq kütləvi xarakter alsın. Hər cür imkanı, həyətyanı sahəsi, torpağı olan vətəndaşa məsləhət görürəm ki, baramaçılıqla məşğul olsun. Çünki qısa müddət ərzində, o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanacaqlar. Dövlət də onu alacaq. İndi Şəki ipək kombinatı işləyir, biz onu işə salmışıq. Artıq biz ipəkçiliyi də bərpa edirik. Pambıqçılıq da həmçinin. Ulu Öndərin dövründə burada böyük pambıq sahələri olub. Sonra bu sahə tənəzzülə uğrayıb. Statistikaya baxsaq görərik ki, keçən il ölkə üzrə cəmi 18 min hektarda pambıq əkilmişdi. Biz bu il bu rəqəmi 52 min hektara çatdırmışıq. Gələn il 130 minə çatdıracağıq".

Prezident bildirib ki, gələn il ancaq Zərdab rayonunda ən azı 3 min hektarda pambıq əkiləcək: "Yeni suvarılacaq 10 min hektar torpaqda rayon sakinləri işləyəcəklər, pul qazanacaqlar, həm öz həyatlarını yaxşılaşdıracaqlar, həm də ümumi işimizə töhfə verəcəklər. Bu proses artıq kütləvi xarakter alıb. Hər bir rayonda böyük canlanma, kənd təsərrüfatının inkişafı ilə bağlı nikbinlik, böyük ümidlər var. Kənd təsərrüfatı təkcə iqtisadi sahə deyil, həm də sosial sahədir. Çünki əhalimizin yarısı bölgələrdə yaşayır".

  "Yaşıl çay"