Astarada 2017-ci ilin doqquz ayının nəticələri müzakirə olundu

Sentyabrın  11-də Astara rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər. 

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etdi ki, sentyabrın 9-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı  qeyd etmişdir ki, bu ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf etmiş, bütün sahələrdə dinamik inkişaf təmin edilmiş, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, ölkə daxilində proseslər müsbət istiqamətdə gedərək iqtisadi-sosial məsələlər öz həllini tapmışdır.

2017-ci ilin doqquz ayında rayonumuzda da xeyli iş görülmüşdür. Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bölgəmizə səfəri, yeni obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü və  çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirməsi olmuşdur. Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə əlaqədar mühüm tövsiyə və tapşırıqlarını vermişdir. Bu tapşırıqlara uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilmişdir. 

Görülən tədbirlər nəticəsində rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılmış, suvarma şəbəkəsi yararsız olduğundan əkilməyən daha 1370 hektar torpaq sahəsində bu problemin həllindən sonra əkin aparılması nəzərdə tutulmuşdur. Bundan əlavə rayonun ayrı-ayrı yaşayış məntəqələrində aşkar edilmiş, çay və sitrus bitkilərinin əkini üçün yararlı olan 2235 hektar torpaq sahəsinin də gələcəkdə əkin dövriyyəsinə qaytarılması üçün tədbirlər müəyyən edilir.  

Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq Park-bulvar kompleksinin genişləndirilməsi işlərinə başlanılmış, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Park-Bulvar və çimərlik ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində idman sağlamlıq kompleksləri tikilib istifadəyə verilmiş, şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası, 2017-ci ildə mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.

Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanılmış, yolun 13 km-i asfaltlaşdırılmış, hazırda işlər davam etdirilir.

Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.

Tarixən elektrik enerjisi olmayan Şəvqo kəndi elektrik enerjisi ilə təmin edilmiş,  rayonun bütün şəhər, qəsəbə və kəndlərini tam əhatə etməklə təqribən 170 km məsafədə ağac budanmaları aparılmış, naqillər tarımlanaraq standarta uyğun vəziyyətə gətirilmişdir.

Rayon  Məşğulluq  Mərkəzində 941  nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Onların 177 nəfərini qadınlar təşkil edir. Ötən müddət ərzində Mərkəzə iş üçün müraciət edənlərin 397 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 15 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onların özünüməşğulluğu təmin edilmişdir.

Son illər çəltik əkinin rentabelli olması, əhalinin bu sahəyə marağını daha da artırmış, nəticədə çəltik sahələri genişləndirilərək 447,5 hektara çatdırılmışdır ki, bu da  keçən illə müqayisədə 3 dəfə çoxdur. Cari ilin avqust ayının 15-dən çəltik biçininə başlanılmış, rayon üzrə 446,55 hektar sahədən 1797,95 ton məhsul yığılmış, orta məhsuldarlıq 40,3 sentner olmuşdur. Taxıl əkini aparılmış 180,3 hektar sahədən  362,4 ton taxıl yığılmış, orta məhsuldarlıq 20,1 sentner olmuşdur.

Rayon üzrə ixtisaslaşdırılmış sahələrdən olan çayçılıq daim diqqətdə saxlanılmaqla mütəmadi olaraq yeni çay sahələri salınır. Hazırda 345 hektar çay plantasiyası mövcuddur. Həmin çay plantasiyalarının 187 hektarı məhsuldar, 158 hektarı isə cavan çay sahələri təşkil edir. 2017-ci il may ayından indiyə qədər rayon üzrə 347,2 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmişdir. Hazırda yaşıl çay yarpağının yığılması davam etdirilir.

Ölkə Prezidenti tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi” ili elan edilməsi ilə əlaqədar rayonun ayrı-ayrı yaşayış məntəqələrində gənclər, din xadimləri, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə vaxtaşırı tədbirlər keçirilmiş, islam dinin elmi əsaslarla təbliği haqqında maariflənmə aparılmışdır.  

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cvaadov, Astara Elektrik Şəbəkəsinin müdiri Alim Qəmbərli, 52 saylı yol istismar idarəsinin rəisi Qurban Əliyev və başqaları çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2017-ci ilin doqquz ayında rayonda xeyli iş görülmüşdür.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sərəncamları ilə ayrılan vəsait hesabına Taxtanakəran-Toradi və Taxtanakəran-Miki avtomobil yollarının asfaltlaşdırılması, Astara şəhərindəki Park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində görülən işlər ürəkaçandır. Hər iki layihə üzrə işlər müvəffəqiyyətlə davam edir.

Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı 2017-ci ilin doqquz ayında görülən işlərin nəticələrinə əsasən bu ilin respublikamızda olduğu kimi Astara rayonu üçün də yüksək inkişaf  ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.

  “Yaşıl çay”