LƏNKƏRAN MƏKTƏBLİLƏRİ GƏNCƏ ŞƏHƏRİ, ŞƏMKİR VƏ GÖYGÖL RAYONLARINA YOLA DÜŞÜBLƏR

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 11-dən 15-dək davam edəcək tur-aksiyanın Lənkəran rayonundan olan iştirakçıları – ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 11-də səhər saatlarında ölkənin Qərb bölgəsinə yola düşüblər.
   Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini Möhübbət Babayev, İcra aparatının əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak ediblər.
  Məktəblilər və müəllimlər dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə Avtomobil Zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
  Qeyd edək ki, “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən həyata keçirilir.

  "Yaşıl çay"