Masallıda “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlər" mövzusunda təlim keçirilib

          “Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin məlumatlandırılması” layihəsi çərçivəsində Masallı şəhər gənclər mərkəzində rayonda fəaliyyət göstərən QHT nümayəndələri, şəhid və əlillər cəmiyyətinin üzvləri, qadın birlikləri, rayon ictimaiyyəti və təhsil şöbəsinin əmıkdaşları, gənclər üçün insan alveri və məcburi əməyə həsr olunan məsələlərlə bağlı bir günlük təlim keçirib.          

  Təlimdə 40 nəfərdən artıq  insan iştirak edib. Təlim iştirakçıları insan alveri və onun doğurduğu acı nəticələr barəsində maarifləndiriliblər.  Təlimdə “”Hüquqi Yardım” uctimai birliyinin sədri İlqar Qasımov və layihə üzrə təlimçi insan alveri, bu bəlanı doğuran səbəblər və onların mahiyyəti, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçiblər.

        Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alverinin metod və formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

 Təlimdə Masallı şəhər icra aparatının humanitar şöbəsinin məsləhətçisi Afəddin Kərimiov, Masallı rayon təhsil şöbəsinin məsul işçisi Əyyar Burhanov, Masallı rayon Gənclər və İdman idarəsinin məsul işçiləri, habelə digər təşkilat, müəssisə və idarə əməkdaşları və s. iştirak etmişlər. Təlimlə əlaqədar verilən suallara ətraflı cavablar verilmiş, bütün məsələlərin həlli iştirakçılar üçün işıqlandırılıb.                 

           Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilib, Masallı rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.      

            Təlim interaktiv şəraitdə davam edib və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb.

             Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “İnsan alveri ağır cinayətdir” adlı bukletlər paylanılıb.

  “Yaşıl çay”