Bu gün Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci imam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür.

SalamNews-un məlumatına görə, Həzrət Peyğəmbər (s) hicrətin 11-ci ilində 2 həftə davam edən xəstəlikdən sonra səfər ayının 28-də Mədinə şəhərindəki evində dünyasını dəyişib.

Allahın sonuncu rəsulu ilahi peyğəmbərlik vəzifəsini 23 il daşıyıb və bu müddətdə Allahın ona vəhy etdiyi Qurani-kərimi, İslam dinini insanlara çatdırıb. O, ilahi dini kamil şəkildə insanlara çatdıraraq, Allah qarşısında bəhanə gətirilməsinə son qoyub. Bundan sonra heç kəs və heç bir zümrə "bizə deyilməyib, biz eşitməmişik" kimi bəhanələri gətirərək, Allahın təyin etdiyi məsuliyyətlərdən qaça biləcəyini iddia edə bilməz. Xüsusilə Həzrət Məhəmmədin (s) həyatının son günlərində iki mühüm əmanət - Qurani-kərim və Əhli-beyt barədə bildirdiyi tövsiyələr, etdiyi sifarişlər bütün müsəlmanlar tərəfindən eşidilib və qəbul edilib. Bu tövsiyələrdən boyun qaçıranlar isə yalnız inadkarlardır.

İmam Həsən də (ə) Həzrət Peyğəmbərdən 39 il sonra eyni gündə - səfər ayının 28-də zəhərlənərək şəhid edilib. Bu hadisə hicrətin 50-ci ilində baş verib. Əslində peyğəmbərin bəşəriyyət üçün əmanət qoyub getdiyi İslam dininin hansı müsibətlərə düçar olmasının ən böyük şahidlərindən biri də İmam Həsən(ə) olub. İmam Həsən (ə) atası İmam Əlidən (ə) sonra İslam dinini təhrifdən qorumaq uğrunda daim mübarizə aparıb və elə bu yolda şəhid olub.

Azərbaycanda bir çox məscid və dini məkanlarda bu münasibətlə əza məclisləri təşkil edilir və xütbələr oxunur.

  "Yaşıl çay"