Elimiz, obamız. LƏJ KƏNDİ

Lənkəran rayonunun yaşayış məntəqələrindən biri Ləj kəndidir. Kənd Lənkəran şəhərindən 15 km qərbdə, Talış dağlarının ətəyində yerləşir. Cənubdan Şağlakücə, şərqdən Şilavar kəndləri, qərbdən Haftoni qəsəbəsi ilə həmsərhəddir, şimaldan isə meşəliklə əhatə olunmuşdur.  Ərazisi 342 hektardır.  1990-cı ildə kənddə 1162 nəfər yaşamışdır.  2013-cü ilin məlumatına görə isə burada 1836 nəfər (kişi 934, qadın 902) yaşayır. Ləj kəndi  Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında ərazisinə görə 37-ci, əhalisinin sayına görə isə 31-ci yerdə durur. Ləj kəndi əhalinin məskunlaşma tarixinə görə  Lənkəran rayonunun müasir yaşayış məntəqələrindən sayılır. Beləki, Ləj yaşayış məntəqəsi XX əsrin ortalarında yaranmış və Lerik rayonunun Mondigah, Büzeyir, Mistan,Nisli, Rəzgöv, Bilaband, Hoveri, Pirasar  və Lənkəran rayonunun Tüədo kəndlərindən köçüb gələnlər hesabına kənd kmi formalaşmışdır.  Ləj Lənkəran rayonunun təhrifə uğramamış  bir neçə topooykonimlərindən biridir. Toponim  Azərbaycan dilində olduğu kimi talış dilində də Ləj adlanır. Ləj talış dilində şəffaf toponim olub, Azərbaycan dilinə tərcümədə “rütubətli, sucaq yer” mənasını verir. Ləkər çayının kənd ərazisindən axması bunu bir daha sübut edir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında  (B.,2007, II cild, səh.83) toponim talış dilində “bataqlıq”kimi izah olunsa da, əslində ləj talış dilində bataqlıq yox, yuxarıda qeyd etdiyimiz kimi “rütubətli, sucaq yer” mənasında işlənir. Heç də təsadüfi deyildir ki, “yağmurluq” talış dilində  “ləjım” adlanır. “Ləjım” evin dam hissəsindən- kirəmit, şifer və ya metal örtüyündən yağış suyunun  töküldüyü yerə deyilir. Kənd relyefinə görə ləj adlandırılmışdır. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Tərəvəzçilik və sitrus meyvəçiliyi geniş yayılmışdır. Sovet dönəmində kənddə əsas məşğuliyyət sahəsi çayçılıq olmuşdur. Hətta kənddə fəaliyyət göstərmiş təsərrüfat da “Lənkəran” çayçılıq sovxozu adlanmışdır. “Lənkəran” çayçılıq sovxozu Haftoni qəsəbəsi, Ləj, Talışlı və Xanlıqlı kəndlərini əhatə etmişdir. “Lənkəran” çayçılıq sovxozu rayonun iri çayçılıq təsərrüfatlarından biri, daha dəqiq  1987-ci ildə  rayonun 25 çayçılıq təsərrüfatı sırasında yaşıl çay yarpağı təhvilinə görə  “Komsomolun 50 illiyi” (Separadi, Zövlə, Tükəvilə kəndləri; plan-2767 ton) və “Partiyanın XXIV qurultayı” (Osakücə, Pambəhi, Tatova, Sinovli, Moloja kəndləri; plan-1953 ton) sovxozlarından sonra  üçüncü  yerdə durmuşdur. Beləki, “Lənkəran” çayçılıq (“Lənkəran” üzümçülük sovxozu Sarı adasında, Nərimanabad qəsəbəsində, Üzümçülük yaşayış massivində fəaliyyət göstərmişdir) sovxozunun həmin vaxt  dövlət planı 1700  ton olmuşdur. 1990-1996-cı illərdə kəndə “Ləj” sovxozu fəaliyyət göstərmişdir. “Ləj” sovxozu da Lənkəranın iri çayçılıq təsərrüfatlarından  sayılmış və onun illik planı 350, “Haftoni” sovxozunun planı isə 400 ton olmuşdur (1993). 1997-ci ildə kənddə olan torpaqlar pay bəlli torpaq sahəsi kimi sakinlərə paylanılmışdır.

   Ləj kəndində sosial obyektlərdən tam orta məktəb, kitabxana, tibb məntəqəsi, məscid, mağaza-dükanlar, çayxana və d. fəaliyyət göstərir. Ləj kəndi 2011-ci ilə qədər Haftoni qəsəbəsi, Talışlı və Xanlıqlı kəndləri ilə  birlikdə əvvəl Haftoni qəsəbə sovetliyinin, daha sonra isə Haftoni qəsəbə inzibati ərazi dairəsinin tərkibində olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq  Ləj kənd inzibati ərazi dairəsi yaradılmışdır.  Ləj inzibati ərazi dairəsi tək Ləj kəndini əhatə edir.  2000-ci ilin yanvar ayında  digər yaşayış məntəqələrində olduğu kimi Ləj kəndində də bələdiyyə yaradılmış və Ləj bələdiyyəsi 2009-cu ilə qədər fəaliyyət göstərmişdir. Ləj bələdiyyəsi 2010-cu ildə Haftoni qəsəbə bələdiyyəsinə birləşdirilmişdir. Ləj müasir kəndlərimizdən olsa da o, ziyalıları ilə tanınan kəndlərimizdən biridir. Azərbaycanın Milli Qəhrəmanı  Əsgər Əliyev,  Qarabağ  müharibəsinin şəhidi Natiq Aslanov, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatı laureatı, şair Etibar Vəliyev, pedaqoji üzrə fəlsəfə doktoru Sahil Cəfərov,  DSMF-nun Lənkəran şəhər şöbəsinin müdir müavini Babək Cəfərov, Lənkəran Statistika İdarəsinin müdir müavini Ağaddin Şahverdiyev, Lənkəran  Avtonəqliyyat müəssisəsinin müdir müavini Natiq Cəfərov, polkovnik Bəhram Əhmədov,  Lənkəran ŞİH Başçısının  Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Bayram Cəfərov, Ləj kənd tam orta məktəbin direktoru, tanınmış pedaqoq İlkin Yaqubov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnistitutunun doktorantı,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-ilahiyyatçı Samid Quliyev və digərləri Ləj kəndində dünyaya göz açmışlar.

                                                                                                                                           İldırım  ŞÜKÜRZADƏ,

                                                                                                                                             tədqiqatçı-tarixçi