Lənkəranda ilk dəfə çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək

Lənkəran Şəhər İcra Hakimiyyətində geniş tərkibdə aparat müşavirəsi keçirilib. Müşavirədə İcra aparatının rəsmiləri ilə yanaşı rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər işçiləri və təsərrüfat başçıları iştirak ediblər.
Müşavirəni açan İcra başçısı Taleh Qaraşov birinci növbədə dekabr ayında respublikada ilk dəfə olaraq Lənkəran şəhərində keçiriləcək çay, çəltik və sitrus meyvələri festivalı ilə bağlı hazırlıq işləri barədə fikirlərini söyləyib və tərtib olunmuş tədbirlər planında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsindən ötrü rayonda bütün qüvvələrin səfərbər olunmasını və bu işə tam məsuliyyətlə yanaşmağın vacibliyini önə çəkib. Sonra İcra başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çay, çəltik və sitrus meyvələri festivalına hazırlıqla bağlı tədbirlər planının icrası vəziyyəti barədə məlumat verib.
   Daha sonra İcra başçısı rayonda baramaçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr barədə söhbət açaraq bu sahənin iqtisadi cəhətdən çox əhəmiyyətli və gəlirgətirən sahə olduğunu diqqətə çatdırıb. Natiq bununla əlaqədar olaraq rayonda  yem bazası yaratmaqdan ötrü ötən il Çindən gətirilib əkilmiş tut ağaclarının budanması, onlara aqrotexniki qulluğun göstərilməsi, qorunması və yeni tut tinglərinin yetişdirilməsi ilə bağlı ərazi İcra nümayəndələri və bələdiyyələrə müvafiq tapşırıqlarını verib.
İcra başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov rayonda tut tinglərinin yetişdirlməsi ilə bağlı yerlərdə görülən işlər barədə məlumat verib.
   İcra başçısı müşavirəni yekunlaşdıraraq müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

  "Yaşıl çay"