Masallı sakini qeyri-adi avtomobil düzəldib (FOTOLAR)

Masallı rayonunun Türkoba kənd sakini, çilingər-usta Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib. O, avtomobilin hazırlanmasına 18 ay vaxt sərf edib. Ən qürurverici məqam isə avtomobilin üzərində Azərbaycan bayrağının təsvir olunmasıdır.

 AZƏRTAC xəbər verir ki, Oktay usta avtomobili xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrinin hissələrindən yığıb.

Ötən əsrin 90-cı illərindən bəri avtomobil düzəltməklə məşğul olan Oktay Rzayev deyib: “Bu avtomobilin dəmir hissələri “Mercedes”dən götürülüb. Avtomobilin qapıları da adi formada deyil. Yuxarı-aşağı hərəkət etdirməklə avtomatik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 kilometrə 9 litr nəzərdə tutulub. Matoru “VAZ 2109”undur. İdman üslubunda yığılan maşının sürəti saatda 220-240 kilometrə çatır”.

Qeyd edək ki, Oktay Rzayev hazırda daha bir avtomobil də düzəldir. İdman üslubuna üstünlük verən usta yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini tamamlayıb.

  "Yaşıl çay"