Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

Dekabrın 9-da Lənkəran şəhəri Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirilib. Tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan 200-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi iştirak edib.

 Müzakirələrdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri qoyulub. Sonra tədbir öz işinə başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov tədbirdə giriş nitqi söyləyib. İcra başçısı bildirib ki, Lənkəran iqtisadi rayonu üzrə çay, çəltik və sitrus meyvələri, baramaçılığın eləcə də digər sahələrin inkişaf etdirilməsi baxımından Azərbaycanda öndə gedən bölgələrdəndir. İqtisadi cəhətdən çox əhəmiyyətli və gəlir gətirən sahələr olduğu üçün dövlət başçısının da bu sahəyə xüsusi diqqət və qayğısı olduğunu söyləyib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib.  Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli  dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb. Regionların bu şəraitdə yetərli səviyyədə bəhərlənməsi zəruriliyini vurğulayaraq qeyd edib ki, Strateji yol xəritələrinin uğurlu icrası regionların sosial iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

Natiq çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlərin ümumlikdə Azərbaycanın inkişaf dinamikasını əks etdirdiyini diqqətə çatdırıb.

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının meneceri Zaur Qardaşov Azexport portalının fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də  “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib.

İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

  “Yaşıl çay”