Lənkəranda ilk dəfə “Çay, çəltik və sitrus festivalı” keçirildi

Dekabrın 19-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında böyük izdiham yaşanırdı. İnsanlar bayramsayağı bəzədilmiş parkda respublikada ilk dəfə keçirilən “Çay, çəltik və sitrus festivalı”na tələsirdilər.

Festivala təşrif buyuran Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Rüfət Quliyev, mədəniyyət xadimləri, digər qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Festivalda ən çox diqqəti cəlb edən pavilyonlardan biri də “Yaşıl çay” FT MMC-nin stendi olub. Xüsusi zövqlə hazırlanmış “Çay adam”, müəssisənin istehsal etdiyi çaylardan hazırlanmış samovar və qız qalası maketləri festival iştirakçıaları tərəfindən maraqla qarşılanıb. Təsərrüfatın rəhbəri Araz Yağubov İcra başçısı Taleh Qaraşova və digər rəsmi şəxslərə başçılıq etdiyi təsərrüfat barədə ətraflı məlumat verib. Bildirib ki, çay əkinlərini hər il artırr. Bu il yeni çay sahələri salınıb, 6 hektardan çox sahədə sitrus bitkiləri əkini keçirilib. Çay email sexində 16 çeşiddə yüksək keyfiyyətli, ekoloji cəhətdən qatqısız çaylar istehsal edilir. İcra başçısı Taleh Qaraşov təsərrüfatın fəaliyyətindən məmnun olduğunu bildirərək onlara yeni-yeni uğurlar arzulayıb.

 Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün pavilyonlara baş çəkdikdən sonra festivalı açıq elan edərək qeyd edib ki, ötən əsrin 70-80-ci illərində respublika səviyyəsində keçirilmiş və ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək respublikaya örnək göstərilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtması hər bir lənkəranlı üçün qürurvericidir. Lənkəran şəhərinin, bütövlükdə, rayonun simasını tamamilə dəyişmiş genişmiqyaslı tikinti-abadlıq, mədəni-quruculuq işlərini, məhsul bolluğunu, həyat şəraitinin durmadan yaxşılaşmasını sakinlərin sonsuz sevinc və minnətdarlıqla qarşıladığını diqqətə çatdıran natiq böyük zəhmət və əzmkarlıq bahasına qazanılmış nailiyyətlərlə fəxr edən lənkəranlıların bu festivalı alnı-açıq, üzüağ qarşıladıqlarını xüsusi vurğulayıb. Sonra icra başçısı Prezident İlham Əliyevin ardıcıl diqqəti sayəsində rayonun sosial-iqtisadi inkişafı, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində əldə olunmuş sevindirici nəticələrin yekunları barədə ətraflı məlumat verib. O, əsl əmək və məhsul bolluğu bayramı kimi keçirilən festivalın rayonun ictimai-siyasi həyatında unudulmaz, əlamətdar hadisəyə çevriləcəyini və lənkəranlıları daha böyük qələbələrə ruhlandıracağını bildirib. Prezident İlham Əliyevin sədrliyi ilə bu il sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini və bu müşavirənin nəticəsi olaraq həmin sahələrin inkişafı ilə bağlı istiqamətlərin müəyyən edildiyini vurğulayan T.Qaraşov bu gün Lənkəranın öz “qızıl dövrünü” yaşadığını diqqətə çatdırıb.

Mərasimdə 2017-ci ildə aqrar bölmədə uğur qazanmış məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Ölkəmizdə ilk olaraq təşkil olunan bu festival Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılıb.

Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.

Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan "Ləvəngi"dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunub, musiqi nömrələri səsləndirilib, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdirilib.

Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşıb.

 Sərraf Talıbov