Dilruba Camalova-80. Dilruba Camalova və ya “müəllimə”

 Yanvarın 6-da Lənkəran şəhər Heydər Əliyev mərkəzində  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin və Lənkəran şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə   ölkəmizin müstəqilliyinin və dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində layiqli xidmətləri olan Dilruba Camalovanın xatirəsinin  anma mərasimi   keçirildi.                                                                                                                                                  Qeyd edək ki, Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Dilruba Camalova (Xan qızı) 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır(1960-72). 1972-1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri, 1975-1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin II katibi, 1981-1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin I katibi, 1989-1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992-1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993-2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000-2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin I müavini vəzifələrində çalışmışdır. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1993-cü il avqust hadisələrində Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan bir sərkərdə kimi həyatının ən böyük uğurunu qazandı.  xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

Tədbiri giriş sözü ilə Lənkəran ŞİH-nin humanitar məsələlər üzrə müavini Rasilə Əliyev açaraq Dilruba xanım haqqında ətraflı danışdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müavini Sədaqət Qəhrəmanova bu tədbirin əhəmiyyətini və Dilruba xanımın bölgə üçün etdiyi əvəzsiz xidmətlərini vurğuladı. “Azərbaycan qadını” jurnalının redaktoru və İTV-nin aparıcısı Flora Xəlilova Dilruba xanım haqqında hazırladığı verilişdən və onunla Lənkərandakı görüşlərindən söz açaraq gənclərə örnək olacaq rəhbər kimi gördüyü işləri sadaladı. Məruzə üçün söz Lənkəran Dövlət Universitetinin müəllimi Xalidə Hüseynovaya verildi. Məruzəçi Dilruba müəllimənin keçdiyi həyat yolundan söz açdı. Çıxışlar ətrafında Respublika qazetinin bölgə müxbiri Əlisəfa Həsənov, Lənkəran qazetinin baş redaktoru Əlimərdan Əliyev, Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi Esmira Şükürova çıxış edərək dövlət xadimi haqqında öz xoş təəssuratlarını xatırlatdılar.

D. Camalova 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

Allah rəhmət eləsin!

 

Cəmil Quliyev,

 LDHK-nın müəllimi, AJB-nin üzvü