İstisu qəsəbə İcra nümayəndəsinin hesabatı dinlənilib

Yanvarın 9-da Lənkəran rayonu İstisu qəsəbəsi üzrə icra nümyəndəliyində “İstisu qəsəbə İnzibati ƏD-ə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər  və 2018-ci ildə qarşıda duran vəzifələr barədə” hesabatı dinlənilib. Tədbiri İcra nümayəndəsi Vaqif Bayramov açıb və hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayonumuzda ərzaq bolluqu  yaratmaq  üçün torpaq sahiblərinə göstərilən dövlət dəstəyi nəticəsində  çayçılıq, çəltikçilik və sitrus kimi ənənəvi  əkinlər,o cümlədən baramacılıq  yenidən bərpa olunur. Yeni plantasıyalar salınıb, əkin sahələri daha da genişləndirilib.

  Cənab Prezident İ.Əliyevin rayonumuza səfər etməsi  və eləcə də bizim qəsəbəmizdə zəhmət adamları ilə plantasiyalarda səmimi görüşü  bizi daha da yaxşı işləməyə ruhlandırıb. Qəsəbənin ərazisi 676.4 hektardır. Ərazidə 675 təsərrüfatda 3478 nəfər əhali yaşayır. Çayçılığın inkişaf etdirilməsi ilə əlaqədar qəsəbimizdə iş adamı Araz Yağubov  “Yaşıl Çay” fermer təsərrüfatını yaradıb, indiyədək 70 ha sahədə  çay əkini keçirib, mövsüm ərzində  23.4 ton yaşıl çay yarpağı  istehsal olunub.  2017-ci ildə 2.0 hektarda müasir yapon texnologiyası  əsasında, 5.0 ha-da isə ənənəvi formada yeni çay sahəsi salınıb və   6.0 ha bərpa işləri  aparılıb, həmçinin  5.31 ha  sahədə yeni sitrus bağı  salınıb.

  Fermer təsərrüfatında   baramaçılığın inkişaf  etdirilməsi  istiqamətındə  Çin Xalq  Respublikasıından gətirilmış 25500 ədəd  tut  tingi əkilib və budama üsulu ilə əlavə olaraq 100 min ədəd tut çilingi hazırlanaraq tut bağı salınıb.

Fermer təsərrüfatında hal-hazırda   barama istehsalı ücün sahəsi 500 kv.m olan küm tikilir.

Ərazidə 2 orta məktəb, 1 uşaq bağçası, 1 həkim məntəqəsi  və 2 kitabxana fəaliyyət göstərir.  Yeni tipli elektron ATS, poçt şöbəsi və internet xidməti göstərilir.

 İstisu qəsəbə orta məktəbində 524 şagirdin təlim tərbiyəsi ilə 54 müəllim məşğul olur. Ötən  buraxılışda 3 məzun ali məktəbə, 2 nəfər   isə kollecə daxil olub. Çay fabrik məktəbində 145 şagirdin tərbiyəsi ilə 18 müəllim məşğul olur. 3 məzun ali məktəbə, 3 məzun isə orta-ixtisas məktəbinə qəbul olub. Bir nəfər şagird Respublika olimpiadasında  1- ci yer tutaraq  qızıl medalla təltif edilib.

Qəsəbədə 650 təsərrüfata yeni qaz xətti çəkilib və 283 nəfər internet xidmətindən hazırda istifadə edə bilir.

Məruzə ətrafında çıxış edən  İstisu bələdiyyəsinin sədri Rahim Xosrofov, Çay fabrik məktəbinin direktoru Hüseynxan Bağırov,  İstisu həkim məntəqəsinin müdiri Novruz Abdullayev, “Suntea” Çay fabrikinin direktoru Tahir Mirzəyev və başqaları  çıxış edərək  qəsəbədə yeni məktəb binasının tikilməsi, həkim məntəqəsinin əsaslı təmiri, elektrik xəttlərinin yenilənməsi və digər məsələlərlə bağlı təkliflərini bildiriblər.

Axırda Lənkəran şəhər İcra hakimiyyətinin məsul işçisi Asif İmanlı çıxış edib. Bildirib ki, 2017-ci ildə ölkəmizdə bütün sahələr üzrə  çox böyük dəyişikliklər baş verib. Respublikada yaradılmış güclü sosial-iqtisadi inkişaf potensialı, səmərəli idarə etmə sistemi Azərbaycanın dinamik inkişafının əsas stimulu olub. Qazanılan uğurlar təbii ki, ümummilli liderimiz H.Əliyev kursunun layiqli davamçısı, hörmətli prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsidir. Rayonumuzda da abadlıq –quruculuq işləri həyata kecirilir. Əhalinin elektrik enerjisi, təbii qazla təchizatı yaxşılaşıb,  yeni iş yerləri acılıb. Torpaq sahiblərinə göstərilən dövlət dəstəyi nəticəsində  çayçılıq, çəltikçilik və sitrus kimi ənənəvi  əkinlər ilbəil artır. İlk dəfə olaraq rayonumuzda “Çay, çəltik və sitrus”  festivalı keçirilib  və Lənkəranda cənab İlham Əliyevin sədrliyi ilə bu sahələr üzrə respublika müşavirəsi kecirilib. Natiq yığıncaqda qaldırılan məsələlərə də toxunub. Bildirib ki, mövcud problemlər də tədricən öz həllini tapacaqdır.

İcra nümayəndəsinin 2017-ci il üzrə hesabatı yığıncaq iştirakçıları tərəfindən qənaətbəş qiymətləndirilib.

            Sərraf Talıbov