Həmişə yanımızda olan “Səs”

Müstəqil Azərbaycanın ilk mətbu orqanlarından olan "Səs" qəzetinin 27 yaşı tamam olur. Mətbuata qarşı güclü təzyiqlərin mövcud olduğu çətin bir dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması fədakarlıq nümunəsi idi. 1991-ci il yanvarın 11-də qəzetin birinci sayı işıq üzü gördü. "Səs" qəzeti Azərbaycanda müstəqil mətbuatın ilk qaranquşlardan biri oldu. Məhz 16 oktyabr 1992-ci ildə böyük cəsarət nümunəsi göstərərək ulu öndər Heydər Əliyevə "Azərbaycan sizi gözləyir" başlığı ilə 91 ziyalının müraciətini "Səs" qəzeti dərc etdi. 24 oktyabr 1992-ci il tarixdə isə Heydər Əliyev cavab məktubu yazdı. Həmin cavab da "Səs" qəzetində dərc olundu. Qəzet müstəqillik uğrunda mübarizədə yaxından iştirak edib və öz yazıları ilə azərbaycançılıq ideologiyasının tərənnümçüsünə çevrilib. Buna görə hər bir Azərbaycan vətəndaşının ürəyində özünə yer etmişdir. Yarandığı gündən 2005-ci ilə qədər qəzetə Ağabəy Əsgərov rəhbərlik edibsə, 2005-ci ildən isə qəzetə rəhbərlik Bəhruz Quliyevə tapşırılıb. Bəhruz müəllimin dövründə qəzet yeni mərhələyə qədəm qoyub, ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. Sonrakı dövrlərdə "Səs" qəzeti daha da inkişaf edərək bazasında "Səs" informasiya agentliyi, onlayn televiziya da yaranıb. "Səs" qəzeti ötən 27 il ərzində qəzetin şanlı ənənələrinini şərəflə davam etdirir, möhtərəm prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini xalqa çatdırmaqla cəmiyyətimizin inkişafı üçün öz üzərinə düşən işi layiqincə yerinə yetirirlər. Biz iş adamlarına daim yer ayıran “Səs” qəzeti həmişə yanımızda olub. Necə deyərlər, səsimizə səs verib. Problemlərimizin çözülməsində, uğurlarımızın işıqlandırılmasında həmişə öndə gedən  nəşrlərdən olub.

Bu əlamətdar gündə öz adımdan,  rəhbərlik etdiyim kollektiv adından qəzetin baş redaktoru hörmətli Bəhruz Quliyev başda olmaqla "Səs" qəzetinin əməkdaşlarını ürəkdən təbrik edir, onlara can sağlığı və gələcək fəaliyyətlərində yeni yaradıcılıq uğurlar arzulayıram.

Araz Yağubov,

“Yaşıl çay” FT MMC-nin direktoru