Poliqrafçı alim Şəddat Cəfərovun 78 yaşı tamam olur. Təbrik edirik!

Azərbaycanda poliqrafiya elminin banisi, ömrünün təqribən 55 ilini Azərbaycan poliqrafiyasının inkişafına həsr edən xeyirxah, təvazökar insan Şəddat Cəfərov 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamışdır.  1959-cu ildə orta təhsilini başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə baş mühəndis vəzifəsinə keçmişdir. Azərbaycanda Şəddat Cəfərovdan başqa 18 yaşında iki ilə rəngli klişe hazırlayan ikinci poliqrafçı olmayıb.

Keçmiş 26-lar mətbəəsində, “Yeni kitab” mətbəəsində və “Azərbaycan” nəşriyyatının cildləmə sexlərində qurulan avtomatik axın xəttinin istifadəyə verilməsi Şəddat müəllimin adı ilə bağlıdır.

Şəddat müəllim Moskvada çox böyük müvəffəqiyyətlə dissertasiya müdafiə etdikdən sonra Bakıda istfadəyə verilmiş Yeni kitab mətbəəsində işləməyə başlayır. Mətbəə tələm-tələsik tikilərək 1972-ci ildə istifadəyə verilmiş və əsasən köhnə avadanlıqla təchiz olunmuşdu. Həmin mətbəə bütün SSRİ məkanında ən geridə qalan və perspektivsiz bir müəssisə hesab olunurdu. Belə bir vəziyyətdə gənc mütəxəssis Şəddat Cəfərov həmin mətbəəyə direktor təyin edilir. Çox qısa bir zamanda işi düzgün təşkil etməklə, o, geridə qalan mətbəəni İttifaq miqyasında birinci yerə çıxarmağa nail olur. Bu fakt SSRİ Mətbuat Komitəsi sədrinin nəzərindən yayınmır və komitənin sədri Keçici Qırmızı Bayrağı mətbəəyə təqdim etmək üçün şəxsən Bakıya gəlir.

Şəddat Cəfərovun “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında direktor müavini və direktor işlədiyi dövr xüsusi maraq doğurur. Kollektiv üçün yaşayış binasının tikilməsi, uşaq bağçasının açılışı, bağçılıq təsərrüfatı yaradaraq il boyu işçilərə tərəvəz məhsullarının bazar qiymətindən 5-10 dəfə ucuz qiymətə satışının təşkili, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin açılması məhz onun təşəbbüskarlığı ilə həyata keçirilir. Ulu öndər Heydər Əliyev Moskvaya getdikdən bir qədər sonra Nazim Əhmədov “Kommunist” nəşriyyatının direktoru vəzifəsindən uzaqlaşdırılır. O da, bu işdən ayrılmalı olur.

1985-ci ildə Sov. İKP MK-nın göstərişi ilə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunmuş və bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirmişdir. Nəşriyyat direktoru olmaqla yanaşı, Ulyanovsk şəhərinin Lenin rayonunun deputatı seçilmiş və deputat qrupuna rəhbərlik etmişdir. O, həmçinin Vilayət Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü seçilmişdir. Ulyanovskda işlədiyi dövrdə bir alim kimi İqtisad Universitetində idarəetmədən mühazirələr də oxumuşdur. Ulyanovsk şəhərindəki məsul vəzifəsini, xüsusi hörmətə layiq olduğunu görərək onu Bakıda işləməyə dəvət edirlər, nəhayət, Şəddat müəllim 20 Yanvar hadisəsindən sonra Bakıya qayıdır, mətbuat və informasiya nazirinin köməkçisi işləməyə başlayır. Lakin O, nazirlikdə çox qala bilmir. 1991-1992-ci illərdə 3 saylı Bakı Kitab mətbəəsində direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha sonra "Göytürk" mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap kombinatında direktor, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

 Burada da o, ilk növbədə, insanların qayğısına qalaraq onlar üçün istirahət mərkəzi, uşaq bağçası və işdə yeni texnologiyanın tətbiqinə nail olmaqla ən yüksək nəticələr qazanır.

 Şəddat Cəfərov həm də bədii yaradıcılıqla məşğul olmuşdur. Onun "Balamirzə yazandı", "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Bəs təhqir olunmuş qalaq?", "Vəd" və bir çox digər hekayələri cəmiyyətdə baş verən günümüzün reallıqları ilə səsləşən hadisələr əsasında formalaşmışdır.

Şəddat müəllim Vətənə qayıdaraq “Azərbaycan” nəşriyyatında işləyərkən “Hər şey cəbhə üçün” devizi ilə çıxış edərək “Xalq ordusu” qəzetinin pulsuz çap olunması haqqında qərar qəbul edir. Ulu öndər Naxçıvanda Ali Sovetin sədri olduğu dövrdə “Naxçıvan yaşayır, döyüşür” kitabını nəşr etdirir və buna görə təzyiqlərə məruz qalır. Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov "Əkinçi" mətbuat cəmiyyətinin vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır. Onun haqqında bir çox əsərlər və publisist yazılar işıq üzü görmüşdür. Yazıçı-publisist Ağəddin Mənsurzadənin "Atalar üçdən deyib", Elşad Səfərlinin "Şəhərə tələsən qatar" kitabındakı poemalardan biri, Fatma xanım Həsənqızının "Acılı-şirinli günlər" kitabında, "Söz" jurnalı və "Nəbz" qəzetinin xüsusi buraxılışları və bu kimi dərgilərdə Şəddat Cəfərovun şəxsi, insani, humanist, siyasi vətənpərvərlik və s. keyfiyyətləri göstərilmişdir.

  O, bu gün də öz bilik, bacarıq və təcrübəsini gənclərə həvəslə öyrətməklə yeni nəsil poliqrafçılar yetişdirir. Şəddat müəllim hazırda 3 saylı Bakı Mətbəəsində uğurla fəaliyyət göstərir.

Yanvarın 14-də Azərbaycan poliqrafiya elminin banisi, xeyirxah və səmimi insan Şəddat Cəfərovun iki 78 yaşı tamam olur. Bizə elə gəlir ki, yüksək elmi qabiliyyəti, geniş həyat təcrübəsi, xüsusən də böyük və saf ürəyi olan bir insanı hər gün alqışlasan da yenə azdır!

 “Yaşıl çay” jurnalının rəhbəri Araz Yağubov başda olmaqla biz də kollektivimiz adından Azərbaycan poliqrafiya elminin banisi Şəddat Cəfərovu səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayırıq!

  “Yaşıl çay”