«Lənkəran: Ensiklopedik məlumat» kitabının ikinci nəşri çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin üzvləri filologiya üzrə fəlsəfə doktoru Hacı Mirhaşım Talışlı və «Aşkarlıq» qəzetinin baş redaktoru Hacı Etibar Əhədovun «Lənkəran: ensiklopedik məlumat» kitabının ikinci nəşri çapdan çıxıb.

 Lənkəran tarixinin bütün sahələrini əhatə edən və ilk dəfə 2014-cü ildə işıq üzü görmüş bu kitab, oxucuların xahişi ilə, əlavələr edilməklə təkrar nəşr olunub.

Kitab elmi-informativ, fakt və məlumatların zənginliyi, məzmun mükəmməlliyi baxımından diqqəti çəkir. Burada ictimai-siyasi həyatımızın bütün sahələri, o cümlədən rayonun tarixini, etnoqrafiyasını, sosial-iqtisadi və mədəni-quruculuğun bütün sahələrini əks etdirən məlumatlar, Lənkərandan olan və həyatını bu rayonla bağlayan ictimai-siyasi, hərbi xadimlər, elm və mədəniyyət işçiləri, tanınmış şəxsiyyətlər haqqında ensiklopedik məlumatlar, müxtəlif tarixi anları göstərən fotoşəkillər və s. verilir.

Müəyyən dövrlərdə Lənkəranla bağlı məlumat xarakterli bir sıra kitablar çap olunsa da, bunlarda rayonun coğrafi-təbii, etnoqrafik, sosial, mədəni həyatı və görkəmli şəxsiyyətlər haqqında tam məlumat əldə etmək mümkün deyildir. Təbii ki, ötən dövrlərdən fərqli olaraq bu gün tariximizə yeni nəzərlə yanaşılmalı və real qiymət verilməlidir.

Lənkəran Azərbaycanda aparılan iqtisadi-sosial, mədəni-quruculuq islahatlarının mərkəzində dayanaraq sürətlə inkişaf edir. İnkişafın yeni mərhələsində Lənkəranın tarixi keçmişini, bu günün reallıqlarını əks etdirən ensiklopedik kitabın yaranmasına mühüm ehtiyac vardı. «Lənkəran: ensiklopedik məlumat» kitabı tarixi və müasirliyi baxımından ilk kitabdır. Müəlliflər 10 ildən çox müddətdə bu kitab üzərində işləyib, arxivlərdə axtarışlar aparıb, kitabxanalara, muzeylərə, tarixi yerlərə baş çəkib, çoxsaylı insanlarla söhbətlər aparıblar.

Kitab hazırlanarkən Azərbaycan, rus, sovet və ümumdünya ensiklopediyalarının təcrübəsindən istifadə edilib.

Ensiklopediyada məqalələr (terminlər) əlifba sırası ilə düzülmüş, diqqəti cəlb etmək üçün ayrı-ayrı başlıqlar böyük hərflərlə, qara şriftlərlə yığılıb. Dahi rəhbər, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı, dövlət başçısı cənab İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında və onların Lənkərana gəlişi barədə ayrıca bölmə verilib.

«Lənkəran: ensiklopedik məlumat» kitabının yeni nəşrində 1900-dan çox məqalə-termin, 990 şəkil verilmiş, 210 elmi ədəbiyyatdan, 200-dən çox qəzet materialından istifadə edilib.

Kitab «3 saylı Bakı Mətbəəsi» ASC-də çap olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mirhüseyn Abbasdır.

  "Yaşıl çay"