Astarada “20 yanvar” böyük ehtiramla yad edilib

20 yanvar 2018-ci il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib. SİA-nın məlumatına görə, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində qanlı terrorun qurbanı olan 134 nəfər günahsız insan arasında iki nəfər astaralı - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu da var idi. Soyuq qış gecəsində yaralananların sayı 800 nəfərdən çox idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş edib.

Qanlı yanvar faciəsi törədilən günlərdə Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verib. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməmiş, həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazıblar.

Tədbir iştirakçıları tərəfindən Şəhidlərin Xatirə Kompleksində astaralı şəhidlərinin xatirə lövhələri önünə tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub. 

Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Sərraf Talıbov