Azərbaycanda xəstəliklərin cavanlaşmasının səbəbi açıqlanıb

“Azərbaycanda xəstəliklərin cavanlaşması həqiqətdir. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda ürək-damar xəstəliklərinə görə əlillik dərəcəsi alan şəxslər əlillər arasında birinci yerdədir: “Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlilər arasında 14 faizə qalxıb”.

Nazir müavini qeyd edib ki, ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 11-12 faiz çoxalıb: “Gözdən əlillərin sayı isə 10-12 faizdir. Burada da artım müşahidə olunur. Gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Çünki vaxtında müalicə olunmurlar”.

Əlillərin komissiyadan keçməsinə gəlincə, nazir müavini deyib ki, bu məsələdə Tibbi Sosial Ekspert Komissiyalarından şikayət yoxdur, amma poliklinikalarla bağlı şikayətlər daxil olur.

  "Yaşıl çay"