Astaranın Balaca Şahağacı kəndində yeni məktəb binasının açılışı olub

Astara rayonun Kakalos kənd ərazi icra nümayəndəliyinə daxil olan Balaca Şahağacı kəndinin əhalisi 1250 nəfərdir. 377 hektar ərazini əhatə edən bu yaşayış məntəqəsində əhalinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq və balıqçılıq təşkil edir.

Fevralın 1-də Balaca Şahağacı kəndində keçirilən növbəti səyyar qəbul  və görüşü rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq kənd sakinlərini salamlayıb. Kakalos kənd ərazi icra nümayəndəsi Raul Məmmədov ərazidə aparılan geniş abadlıq və quruculuq işləri, vətəndaşların qaldırdıqları təkliflərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Kənd sakinlərinin uzun illərdən bəri arzusunda olduğu və 2017-ci ilin oktyabrında tikintisi başlanan məktəb binasının yeni ilin ilk aylarında istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəb binasının açılışını bildirən rəmzi lenti kəsərək bu əlamətdar hadisə münasibətilə sakinlərə xoş arzularını çatdırıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız  bir dövrdə Balaca Şahağacı kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının istifadəyə verilməsi heç də təsadüfi deyildir. Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdə əhalinin kütləvi şəkildə maarifləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətə başlaması mühüm məsələ kimi diqqət mərkəzində olub. Bütün dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə müstəqil dövlətimizdə genişmiqyaslı tikinti-quruculuq, yeni infrastruktur layihələrin  sürətlə davam etdirilməsi ulu öndər Heydər Əliyevin ideyalarını  uğurla davam etdirən  ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasətinin parlaq sübutudur. Son illərdə təkcə Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunub. İcra başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar Respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işlərinin mütəşəkkilliklə davam etdirildiyini bildirib. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.

Müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan 96 şagird yerlik  yeni məktəb binasında ilk dərsin keçirilməsi əhalinin böyük sevincinə səbəb olub. 

Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə Balaca Şahağacı kənd məktəbinin direktoru Hicran Əliyev, kənd sakinləri Allahverən Eynullayev, Məlahət Məmmədova, Paşa Əkbərov, İzzət Şahverdiyev, Cavanşir Zeynalov və başqaları çıxış ediblər. 

Sonda İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və mərasim iştirakçıları yeni məktəb binasının sinif otaqları, fənn kabinetləri şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

  Sərraf Talıbov