Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib

 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov yeni qüvvəyə minən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

R.Cəbrayılov “Report”a açıqlamasında deyib ki, bu qanunun pozulmasına dair cərimələr İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsində əksini tapıb.

Deputat qeyd edib ki, həmin maddə məcəllədən çıxarılmayıbsa, deməli, qüvvədədir: “Məcəllənin 212-ci maddəsi qüvvədən düşmüş “Tütün və tütün məmulatı haqqında” qanuna aid olsa da, ümumilikdə, tütünün neqativ təsirlərinə qarşı mübarizə ilə bağlıdır. Bu maddə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməmişdən əvvəldən mövcuddur. Sadəcə olaraq, zərurət yaranarsa, maddənin dispozisiya və sanksiya hissəsini yeni qanuna uyğunlaşdırmaq olar”.

Deputat bildirib ki, müxtəlif iaşə obyektlərində təklif edilən qəlyana bu maddənin tətbiq olunub-olunmaması ilə bağlı ziddiyyətli fikirlər var: “Əgər həmin qəlyanda istifadə olunan tütün məmulatıdırsa, sözsüz ki, bu əməl də həmin maddənin təsiri altına düşür. Ümumiyyətlə, bu qanun tütün məmulatlarından istifadə etməyən insaların, habelə tütün məmulartlarından istifadə edən insanların da sağlamlıqlarının qorunması məqsdini güdür. Hər kəs yaxşı bilir ki, nəinki aktiv, hətta passiv siqaret çəkmə də, yəni siqaret tüstüsü ilə nəfəs alma da orqanizm üçün kifayət qədər zərərlidir. Buna görə də qanun hüquqi şəxslərə siqaret çəkmək üçün xüsusi qapalı yerlərin yaradılmasını bir vəzifə olaraq qarşıya qoyur. Bu halı yaratmaq mümkün olmadıqda, siqaret açıq havada çəkilməlidir. Cəmiyyətin bu qanuna reaksiyasına baxılmalıdır. Məsələn, dəniz səyahəti zamanı katerlərdə, üstüaçıq nəqliyyat vasitələrində, böyük vestibüllərdə və s. məkanlarda siqaret çəkilməsi həmin maddə ilə cərimələnməyə səbəb olub-olmayacağı barədə müxtəlif fikirlər səslənir. Bununla bağlı qanunda birmənalı olaraq “qapalı məkanlar” və “açıq hava” ifadələrindən istifadə edilir. Yaxşı bilirsiniz ki, hər bir təsisat kimi, qanun da tətbiq prosesində müsbət və mənfi cəhətlərini büruzə verir. Sözsüz ki, cəmiyyətin inkişafı, habelə qanunun tətbiqinə cəmiyyətin reaksiyası özü də qanunda dəyşikliklərin edilməsinə səbəb olan hallardandır. Bu qanunun da tətbiqində zəruri hallar meydana çıxarsa, parlament çevik şəkildə müdaxilə edəcək”.

  "Yaşıl çay"