Gənclər Mübariz İbrahimovun məzarını ziyarət ediblər - FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal paytaxt gəncləri Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Gənclər şəhidin məzarına tər çiçəklər düzüblər.

Baş İdarədən SİA-ya verilən məlumata görə, çıxış edənlər cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.

Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətdə olub.

Sonradan könüllü olaraq “N” saylı hərbi hissədə gizir kimi xidmətə başlayıb. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni əsgər və zabitini məhv edərək, şəhidlik zirvəsinə ucalıb.

  "Yaşıl çay"