Astara rayonunda 2017-ci ilin nəticələri müzakirə olunub

Fevralın 9-da rayon İcra hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulub.

Yığıncaqda geniş hesabatla çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və  2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub və qeyd edib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə çatıb.

2017-ci il ərzində rayonda da bütün sahələrdə nailiyyətlər qazanılıb. Yerli gəlirlər 6 milyon 200 min manat olmaqla 103 %, yerli xərclər isə 93 % icra olunub. Rayonda iqtisadiyyatın əsas sahələri  üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri  227 milyon manat, əhalinin  hər bir nəfəri üçün  2120 manat  təşkil  edib. 2016-cı illə müqayisədə nəqliyyat təsərrüfatı sahəsində 5 faiz, informasiya və rabitə sahələrində 11,5 faiz, sənayedə 12 faiz, ticarət-nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz artım müşahidə  edilib.

Son illərdə rayonda 12300 yeni iş yeri açılıb, bunun da 9700-dən çoxu daimi iş yerləridir. İl ərzində rayonda 4024 yeni iş yeri açılıb.

Hesabat ilində rayonda  tikinti-quruculuq və abadlıq işləri davam etdirilib.

2017-ci ildə görülən işlər sırasında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının inşası xüsusilə qeyd olunmalıdır. Rayon mərkəzindən 35-50 km məsafədə yerləşən, ucqar dağlıq əraziləri əhatə edən avtomobil yollarının tikintisi ilə bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin  12 min nəfər əhalisinin ən böyük problemi həllini tapıb.

Astara şəhərinin su təchizatının yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından çəkilən su şəbəkəsinin qurulması istiqamətində işlər il ərzində davam etmişdir. Şəhərin prospekti və küçələrində boru xətləri tikilmiş, 1677 mənzil çıxışları verilmişdir. Bu il şəhərin yeni  layihə üzrə içməli su təchizatının təmin edilməsi gözlənilir. 

Rayonun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün əlverişlidir. Bu sahənin prioritet olması nəzərə alınaraq  arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılıb. Hesabat ilində 100 tona yaxın təbii bal və digər arıçılıq məhsulu istehsal edilərək, bazar və yarmarkalarda satışı həyata keçirilib.

Ötən il sentyabrın 3-də Lənkəran şəhərində keçirilən respublika müşavirəsində möhtərəm Prezident İlham Əliyev geniş nitq söyləyərək respublikada, o cümlədən cənub bölgəsində qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək məqsədilə aqrar sahənin canlandırılmasında sahibkarların, fermerlərin müstəsna rolunu xüsusilə diqqətə çatdırmış, müvafiq tapşırıqlar verib.

Çəltikçiliyin inkişafı sahəsində son illər qazanılan uğurlar diqqəti cəlb edir. Keyfiyyətli və ekoloji təmiz  Astara düyüsü bazarlarda öz yerini tutmuş, ətirli və dadlı düyüyə olan tələbat xeyli artıb. Odur ki, bütün qüvvələr səfərbərliyə alınmalı, çəltik  sahələrinin qarşıdakı illərdə  1000 hektara çatdırılması hədəfinə çatmalıyıq. 2017-cı ildə  çəltik əkini aparılmış 447 hektar sahədən 1802 ton çəltik yığılıb, məhsuldarlıq 40 sentner olmuşdur. Bu əvvəlki illə müqayisədə 3.3 dəfə çoxdur. Yığılmış çəltikdən yüksək məhsuldar  toxumların tədarük edilməsi nəticəsində növbəti illərdə əkiləcək sahələr üçün toxum idxalına ehtiyac olmayacaqdır. Bərəkətli torpaqlarımızda yetişdirilən məhsullar, xüsusilə çay, çəltik, sitrus həm faydalı həm də gəlirli olduğuna görə bu sahələrə daha çox diqqət yetirməlidirlər.

Rayonda mövcud  192 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Aparılan tədbirlər nəticəsində gələcəkdə  1000 hektar torpaq sahəsində  çay plantasiyalarının  salınması nəzərdə tutulub.

Sevindirici haldır ki, 2016-cı ildə 425 hektar, 2017-ci ildə isə 774 hektar, yeni sitrus və subtropik meyvə bağı salınaraq  əkin sahələri ümumilikdə 3116 hektara çatdırılıb. Təkcə son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artıb. Bu işlərin görülməsinə ümumilikdə 3200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.

Çukurova Universiteti ilə əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsirini nəzərə alaraq iyun ayında rayonumuzun nümayəndə heyəti Türkiyə Respublikasının Adana və Mersin bölgələrində sitrusçuluq təsərrüfatlarını gəzmiş, universitetin sitrus meyvələrinin araşdırma və tədqiqat mərkəzi ilə tanış olublar.

2017-ci ildə vətəndaşlarımız rayon üçün prioritet olan çay, çəltik, sitrus və arıçılıq sahələrindən ümumilikdə 60 milyona yaxın gəlir əldə ediblər ki, bu da onların maddi rifah halının yaxşılaşmasına səbəb olub.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırıb ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.

Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov, İcra hakimiyyəti başçısının Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva, fermer təsərrüfatının rəhbəri Nizami Rəsulov və başqaları  tədbirdə çıxış edib, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulayıb, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləyiblər. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək bildirib ki, ictimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycanda  2017-ci ildə qarşıda duran vəzifələr həllini tapmış, ölkəmizin dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, iqtisadi və sosial proqramlar icra olunub. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və xalq-iqtidar birliyindən bəhrələnən uğurlu siyasətdir.

Habil Əzənmədov yola saldığımız 2017-ci ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.  

Sonda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

 Sərraf Talıbov